Türkiyənin məşhur “Akasya Durağı” serialında 18 il əvvəl birlikdə rol alan aktyorlar Melek Baykal və Fatih Uçan arasında mübahisə böyüyüb.
Demokrat.az xəbər verir ki, serialda “Taksici Melahat” obrazını canlandıran Melek Baykalın rol yoldaşı Zeynep Dörtkardeşlərə şillə vurduğu və fiziki zorakılıq göstərdiyi barədə Fatih Uçan mediaya açıqlama verib.
Baykal isə Uçanın bu iddialarının böhtan olduğunu və şəxsi hüquqlarına zərər vurduğunu bildirərək İstanbul Respublika Baş Prokurorluğuna şikayət edib.
İstintaq çərçivəsində ifadəsi alınan Fatih Uçan isə Baykala qarşı böhtan və təhqir xarakterli ifadələr işlətmədiyini deyib. O, əksinə, Baykalın onu cəmiyyət qarşısında “yalançı və böhtançı” kimi təqdim etdiyini və bununla bağlı özü də məhkəməyə müraciət etmək istədiyini bildirib.
İstintaq davam etdiyi bir vaxtda Melek Baykal Fatih Uçana qarşı 500 min lirə (təxminən 15 min ABŞ dolları) məbləğində mənəvi təzminat iddiası qaldırıb.
Aktrisa məhkəməyə təqdim etdiyi ərizədə cəmiyyətdə yaxşı niyyəti və nüfuzu ilə tanındığını qeyd edib. Baykal şiddət tətbiq etməsi ilə bağlı iddiaların ona ciddi mənəvi zərər vurduğunu və şəxsi hüquqlarının pozulduğunu irəli sürüb.
Jalə Demokrat.az


