“Qalatasaray” yeni mövsüm öncəsi heyətini gücləndirmək üçün daha bir transferə hazırlaşır.
Demokrat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubu Almaniyanın “Ştutqart” komandasında çıxış edən Ermedin Demiroviçin transferində razılığa gəlməyə yaxındır.
Məlumata görə, “Qalatasaray” 28 yaşlı hücumçu üçün “Ştutqart”a 20 milyon avro ödəməyə hazırdır. Tərəflər arasında danışıqlarda mühüm irəliləyiş əldə olunub.
Bosniya və Herseqovina millisinin üzvünün şənbə günü İstanbula gələcəyi və tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacağı gözlənilir.
Demiroviç ötən mövsüm “Ştutqart”ın heyətində 38 oyunda 15 qol vurub və 5 məhsuldar ötürmə edib. Hücumçu Almaniya klubunda keçirdiyi 87 rəsmi matçda isə 32 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
28 yaşlı futbolçu Bosniya və Herseqovina millisinin heyətində 44 oyuna çıxıb və 4 qol vurub.
Demiroviçin “Ştutqart”la müqaviləsi 2028-ci ilin iyununa qədərdir. Onun “Qalatasaray”a keçidi rəsmiləşərsə, İstanbul klubunun hücum xəttində ciddi rəqabətin yaranacağı gözlənilir.
Jalə Demokrat.az


