Qaragilə faydalı və qida maddələri ilə zəngin meyvələrdən biridir. Lakin tez xarab olduğu üçün mağaza və bazarlarda onu alarkən bəzi detallara diqqət yetirmək lazımdır.
Demokrat.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, təzə qaragilə bərk, elastik və tünd göy və ya göy-bənövşəyi rəngdə olmalıdır. Giləmeyvələrin üzərindəki gümüşü rəngə çalan nazik, tozabənzər təbəqə isə kif deyil. Bu, giləmeyvəni nəmdən qoruyan təbii müdafiə qatıdır və məhsulun təzə olduğuna işarə edə bilər.
Qaragilənin təzəliyini yoxlamaq üçün qabı yüngülcə silkələmək də tövsiyə olunur. Təzə giləmeyvələr quru olur və qabın içində bir-birindən asanlıqla ayrılaraq hərəkət edir. Bir-birinə yapışan, yumşalmış və ya əzilmiş giləmeyvələr isə xarab olmağa başladığını göstərə bilər.
Bu əlamətlər varsa, almayın
Mütəxəssislərin diqqət çəkdiyi əsas əlamətlərdən biri kifdir. Qablaşdırmada hətta az miqdarda kif görünürsə, həmin məhsulu almaq məsləhət görülmür. Çünki kif yalnız görünən hissə ilə məhdudlaşmaya və digər giləmeyvələrə də yayıla bilər.
Qabın dibində və ya içərisində maye olması da xəbərdarlıq əlamətidir. Artıq nəmlik giləmeyvələrin yumşalmasına, keyfiyyətinin pisləşməsinə və kifin yaranmasına səbəb ola bilər.
Həmçinin çoxlu sayda qırmızı və ya yaşıl giləmeyvə olan qablaşdırmalardan uzaq durmaq məsləhətdir. Bu rənglər meyvələrin tam yetişmədiyini göstərə bilər və belə qaragilə turş dada malik ola bilər.
Qaragiləni necə saxlamaq lazımdır?
Təzə qaragiləni daha uzun müddət saxlamaq üçün onu soyuducuda saxlamaq tövsiyə olunur. Giləmeyvələri havalandırma dəlikləri olan orijinal qablaşdırmada saxlamaq daha məqsədəuyğundur.
Mütəxəssislər qaragiləni soyuducuya qoymazdan əvvəl yumağı məsləhət görmürlər. Giləmeyvələrin üzərində qalan əlavə nəmlik kifin yaranmasını sürətləndirə bilər. Buna görə onları istehlak etməzdən dərhal əvvəl soyuq su ilə yumaq daha doğrudur.
Dondurulmuş qaragilə isə -18 dərəcə Selsi və ya daha aşağı temperaturda, hermetik qablaşdırmada saxlanılmalıdır.
Jalə Demokrat.az


