Maraqlı Özəl

Kartofu necə çox dadlı bişirmək olar: Ətli, qaraciyərli, kələmli və ətsiz 4 resept

Kartofu necə çox dadlı bişirmək olar: Ətli, qaraciyərli, kələmli və ətsiz 4 resept

Kartof xörəyi demək olar ki, hər evdə fərqli hazırlanır. Lakin bir neçə sadə üsul onun dadını daha da zənginləşdirə bilər.

Demokrat.az xarici mediaya istinadən xəbər verir ki, kartofu bişirməzdən əvvəl yumamaq, tərkibindəki nişastanın sousu qatılaşdırmasına imkan verir. Bundan əlavə, kartofu əvvəlcə azca qovurmaq yeməyə daha zəngin aroma və qızarmış dad verir.

Ətli kartof

Ərzaqlar:

* 600 q donuz əti * 1,2 kq kartof * 1 iri soğan * 5-6 x.q. yağ * 900 ml su * Dəfnə yarpağı, duz və istiot

Əti xırda doğrayıb yüksək odda yağda qızardın. Soğanı əlavə edib təxminən 5 dəqiqə bişirin. Doğranmış və yuyulmamış kartofu əlavə edib bir neçə dəqiqə birlikdə qovurun. Daha sonra duz, istiot və dəfnə yarpağı əlavə edib su tökün. Qapağı örtərək orta odda təxminən 40 dəqiqə bişirin.

Ətli və kələmli kartof

Ərzaqlar:

* 350 q donuz əti * 100 q donuz piyi və ya 4 x.q. yağ * 1 orta soğan * 5 ç.q. tomat pastası * 400 q kələm * 700 q kartof * Su, duz, istiot və dəfnə yarpağı

Əti yağda qızılı rəng alana qədər qovurun. Soğanı əlavə edib 5 dəqiqə bişirin. Ardınca tomat pastasını əlavə edib 2-3 dəqiqə qovurun. Doğranmış kələmi, daha sonra kartofu əlavə edin. Ərzaqların üzərini azca örtəcək qədər su tökün, ədviyyatları əlavə edin və zəif odda 40-45 dəqiqə bişirin.

Mal qaraciyəri ilə kartof

Ərzaqlar:

* 650 q mal qaraciyəri * 1,3 kq kartof * 1 iri soğan * 5-6 x.q. yağ * 700 ml qaraciyər bulyonu * Dəfnə yarpağı, duz və istiot

Qaraciyəri pərdələrdən təmizləyib xırda doğrayın və duzsuz qaynar suda təxminən 5 dəqiqə bişirin. Sonra çıxarıb ilıq su ilə yuyun, suyunu süzün.

Soğanı yağda qovurun, qaraciyəri əlavə edin. Ardınca doğranmış kartofu əlavə edib azca qızardın. Duz, istiot və dəfnə yarpağı əlavə etdikdən sonra qaraciyərin süzülmüş bulyonunu tökün. Qapağı örtüb zəif odda 30-40 dəqiqə bişirin.

Ətsiz kartof

Ərzaqlar:

* 9 orta ölçülü kartof * 1 iri soğan * 3-4 x.q. yağ * Təxminən 1 litr su və ya tərəvəz bulyonu * 1,5 ç.q. şirin paprika * Duz və istiot

Soğanı yağda qovurun. Doğranmış kartofu əlavə edib istəyə görə bir neçə dəqiqə qızardın. Üzərini örtəcək qədər su və ya bulyon tökün. Duz, paprika və istiot əlavə edin. Qapağı bağlayıb zəif odda təxminən 40 dəqiqə, kartof yumşalana və sous qatılaşana qədər bişirin.

Kiçik sirr: Kartofu doğradıqdan sonra yumamaq onun tərkibindəki nişastanın sousa keçməsinə və yeməyin daha qatı alınmasına kömək edir.

Jalə Demokrat.az

D
demokrat.az