Son zamanlar Səhiyyə Nazirliyi tərəfindən özəl klinikalar və estetik mərkəzlərdə yoxlamaların intensivləşdirilməsi diqqət çəkir. Bu fonda estetik mərkəzlərdə göstərilən xidmətlərin keyfiyyəti ilə bağlı vətəndaşların sosial şəbəkələrdə paylaşdığı şikayətlər də gündəmdədir.
Demokrat.az-ın əldə etdiyi məlumata görə şikayətlərin ünvanlandığı mərkəzlərdən biri də “Vefa Esthetik Center” MMC-dir.
Mərkəzin fəaliyyəti ilə bağlı son dövrlərdə müxtəlif narazılıqlar səsləndirilir. Vətəndaş şikayətlərində burada göstərilən bəzi tibbi xidmətlərlə bağlı ciddi sualların yarandığı iddia olunur.
Daha ciddi məqam isə mərkəzdə keyfiyyətsiz botoksdan istifadə edilməsi ilə bağlı səsləndirilən iddialardır. Əgər bu iddialar təsdiqini taparsa, məsələ yalnız xidmət səviyyəsi ilə məhdudlaşmır və birbaşa vətəndaşların sağlamlığı ilə bağlı ciddi narahatlıq yaradır.
Səhiyyə Nazirliyinin özəl tibb müəssisələri və estetik mərkəzlərdə nəzarəti gücləndirməsi belə iddiaların obyektiv şəkildə araşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Müvafiq yoxlamalar nəticəsində tibbi xidmətlərin və istifadə olunan preparatların müəyyən edilmiş tələblərə uyğunluğu qiymətləndirilə bilər.
Bu baxımdan “Vefa Esthetik Center” MMC ilə bağlı səsləndirilən iddiaların da aidiyyəti qurum tərəfindən araşdırılması və nəticələrin müəyyən edilmiş qaydada qiymətləndirilməsi gözlənilir. Aparılacaq yoxlamanın nəticəsi mərkəzin fəaliyyəti ilə bağlı səsləndirilən iddialara aydınlıq gətirə bilər.


