Gündəm

Üç rusiyalı və onların ölkəmiz haqqında səsləndirdiyi hədyanlar — VİDEO

Üç rusiyalı və onların ölkəmiz haqqında səsləndirdiyi hədyanlar — VİDEO

Azərbaycanın Baş Prokurorluğu üç Rusiya vətəndaşı - jurnalist İvan Knyazev, siyasi texnoloq və media eksperti Semyon Uralov və politoloq, hərbi-media texnoloqu Aleksey Çadayev barəsində cinayət işi üzrə istintaq aparıldığını açıqlayıb. İstintaqın materiallarına əsasən, həmin şəxslər barəsində konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, habelə terrorçuluğa açıq çağırışların edilməsi faktları ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Baş Prokurorluğun məlumatına görə, istintaq zamanı Rusiya Federasiyasının vətəndaşları - "Moskva 24" telekanalının aparıcısı, jurnalist İvan Knyazev, Rusiyada siyasi məsləhətçi və media eksperti kimi fəaliyyət göstərən Semyon Uralov, həmçinin televiziya jurnalisti və müxbiri, Rusiya Federasiyası nəqliyyat nazirinin müşaviri Aleksey Çadayev barəsində əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Azərbaycan Respublikasının baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.1-ci (milli nifrət və düşmənçiliyin salınması) maddələri ilə cinayət işi başlanıb. İbtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub.

Toplanmış sübutlar əsasında Semyon Uralov, İvan Knyazev və Aleksey Çadayev Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

Həmin şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda olduqlarından barələrində axtarış elan edilib və məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Semyon Uralov siyasi texnoloq və media ekspertidir. O, postsovet məkanında siyasi proseslər üzrə fəaliyyət göstərən rusiyalı siyasi texnoloq, publisist və media eksperti kimi tanınır. O, "SONAR-2050" analitik layihəsinin rəhbəri və "Çistota ponimaniya" ("Чистота понимания") layihəsinin aparıcı simalarından biridir. Uralovun media fəaliyyətinin əsas istiqamətlərindən biri Rusiya, postsovet məkanı, geosiyasət, informasiya və "koqnitiv müharibələr" mövzularıdır. Onun "YouTube" və digər platformalardakı çıxışları, əsasən, Rusiya-Ukrayna müharibəsi, postsovet dövlətləri və Moskvanın bu ölkələrlə münasibətləri ətrafında qurulur.

Jurnalist İvan Knyazev "Moskva 24" telekanalının aparıcısı və jurnalist kimi təqdim olunur. O, "Çistota ponimaniya" layihəsində moderator funksiyasını yerinə yetirən əsas şəxslərdən biridir. Layihənin öz təqdimatında Uralov və Çadayev onunla birlikdə gündəlik siyasi və ictimai hadisələri, geosiyasi prosesləri və informasiya təsiri məsələlərini müzakirə edən podkastın müəllifləri kimi göstərilirlər. Aleksey Çadayev isə politoloq və hərbi texnologiya sahəsinin nümayəndəsidir. O, Uralovla birlikdə "Çistota ponimaniya" layihəsinin əsas simalarındandır. Çadayevin fəaliyyəti son illərdə hərbi texnologiyalar, pilotsuz uçuş aparatları və informasiya müharibəsi mövzuları ilə də əlaqələndirilir.

Beləliklə, söhbət təsadüfi sosial media istifadəçilərindən deyil, auditoriyası və media fəaliyyəti olan, siyasi və hərbi mövzularda müntəzəm çıxış edən şəxslərdən gedir. İşin əsasını isə "Çistota ponimaniya" layihəsində yayımlanan iki veriliş təşkil edir. Baş Prokurorluğun məlumatına görə, həmin şəxslərin 14 iyul 2026-cı il tarixində "YouTube" platformasında "Семён Уралов" adlı kanalda yayımlanan "Чистота понимания" verilişində Azərbaycan Respublikasına qarşı zorakı üsulların tətbiq edilməsinə, ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ərazi bütövlüyünün parçalanmasına, eləcə də milli nifrət və düşmənçiliyin salınmasına yönələn çağırışlarla çıxış etdikləri müəyyən olunub.

Bundan başqa, həmin şəxslərin avqustun 13-də eyni kanalda yayımlanan verilişdə Azərbaycan Respublikasına qarşı zorakı üsullardan istifadə edilməsinə, o cümlədən ayrı-ayrı şəxslərin fiziki məhvetmə təhlükəsi altında saxlanılmasına və ünvanlı şəkildə sıradan çıxarılmasına dair fikirlər səsləndirdikləri, bununla da terrorçuluğa açıq çağırışlar etdikləri müəyyənləşdirilib.

Müzakirə zamanı Azərbaycan hakimiyyətinə qarşı müxtəlif zorakı ssenarilər sadalanır. Bunların arasında Azərbaycan hakimiyyətinin dəyişdirilməsi, ölkənin parçalanması, vətəndaş müharibəsinə sürüklənməsi kimi variantlar önə çəkilir. Daha sonra müzakirədə Xəzər donanmasının gücləndirilməsi, Cənubi Dağıstan istiqamətində hərbi imkanların artırılması, Xəzər regionunda pilotsuz sistemlərin gücləndirilməsi və "Bakıya desant əməliyyatı" kimi hərbi ssenari də səsləndirilir. Məhz bu cür ifadələr siyasi tənqid sərhədini aşaraq zorakı fəaliyyətə çağırış olduğu üçün hüquqi qiymətləndirmə predmeti yaradır. Çadayevin dediklərinə qulaq verək:

"Razılaşmalara əməl olunmasına nail olmaq üçün yeganə üsul onlara əməl etməyənləri birbaşa məhv təhlükəsi ilə üz-üzə qoymaqdır... Biri var, müharibədir, sən hansısa əsas fiqurları oyundan kənarlaşdırırsan. Biri də var ki, sözləşmə bağlanıb və onlara riayət olunmalıdır, sən isə razılaşmaya riayət etməyənləri ünvanlı olaraq aradan götürürsən".

Bu gönderiyi Instagram'da gör

Oxu.Az (@oxuaz)'in paylaştığı bir gönderi

D
demokrat.az