Dünya Özəl

Trampın portreti dollarlıq sikkələrdə olacaq: Onlar neçəyə satılacaq?

Trampın portreti dollarlıq sikkələrdə olacaq: Onlar neçəyə satılacaq?

ABŞ prezidenti Donald Trampın portreti əks olunan 1 dollarlıq xatirə sikkələri satışa çıxarılacaq. Sikkələrin sentyabrın 2-dən etibarən alıcılara təqdim olunacağı və nominal dəyərindən daha baha satılacağı bildirilir.

Demokrat.az xəbər verir ki, ABŞ Sikkəxanasının məlumatına görə, Filadelfiyada zərb ediləcək sikkələrin üzərində Trampın portreti, “In God We Trust”, “Liberty” və “1776–2026” yazıları yer alacaq. Sikkənin digər üzündə isə ox və zeytun budağı tutan qartalın təsvir olunduğu prezident möhürü olacaq.

Sikkələr 25 ədədlik rulonlarda 61 dollara satılacaq. Bu halda bir sikkənin qiyməti 2,44 dollar təşkil edəcək. Bundan əlavə, 100 sikkəlik kisələr 154,50 dollara təklif olunacaq ki, bu da hər sikkə üçün 1,55 dollar deməkdir.

Nominal dəyəri 1 dollar olan bu sikkələr hələ dövriyyəyə buraxılmasa da, qanuni ödəniş vasitəsi olaraq qalacaq.

24 karatlıq qızıl sikkə də buraxılacaq

ABŞ Sikkəxanası Trampın təsviri olan 24 karatlıq qızıl sikkə buraxmağı da planlaşdırır. Onun satış tarixi və qiyməti hələ açıqlanmayıb.

“Newsweek”in may ayında əldə etdiyi hüquqi sənədə əsasən, belə sikkələrdən cəmi 47 ədəd hazırlanacaq. Hər bir sikkədə təxminən 90 min dollar dəyərində qızılın olacağı bildirilir.

Trampın portretinin sikkədə olması mübahisə yaradıb

ABŞ prezidentinin portretinin ölkə valyutasında yerləşdirilməsi planı hüquqi mübahisələrə səbəb olub. ABŞ qanunvericiliyində ölkənin valyuta və qiymətli kağızlarında yalnız vəfat etmiş şəxslərin portretlərinin yerləşdirilməsinə dair müddəa mövcuddur.

Bununla belə, Tramp administrasiyası 2021-ci ildə imzalanan xatirə sikkələrinin dizaynı ilə bağlı qanuna istinad edir. Administrasiya hesab edir ki, 250 illik yubiley münasibətilə buraxılan sikkələr həmin qanunun tələblərinə uyğundur.

ABŞ-da sonuncu dəfə fəaliyyətdə olan prezidentin xatirə sikkəsində təsviri 1926-cı ildə yer alıb. Həmin vaxt prezident Kalvin Kulicin portreti ABŞ-ın müstəqilliyinin 150-ci ildönümünə həsr olunmuş yarımdollarlıq sikkədə təsvir edilmişdi.

Demokratlar Trampın portretinin sikkələrdə yerləşdirilməsi təşəbbüsünə əsasən qarşı çıxıb və bunun qarşısını almaq üçün qanun layihəsi də təqdim ediblər. Lakin təşəbbüs nəticəsiz qalıb.

ABŞ administrasiyası isə yeni sikkələrin ölkənin 250 illik müstəqillik yubileyinin qeyd olunması çərçivəsində hazırlandığını bildirir.

Jalə Demokrat.az

D
demokrat.az