Qacarlar sülaləsinin genetik mənşəyi ilə bağlı yeni araşdırma nəticələri açıqlanıb.
Demokrat.az xəbər verir ki, Azərbaycan DNT layihəsinin admini, genetik-tədqiqatçı və irsi xəstəliklər üzrə araşdırmaçı Orxan Xansuvar Qacarların ata xəttinin Orta Asiya ilə deyil, əsasən Qafqaz və Xəzər hövzəsi ilə əlaqəli olduğunu iddia edib.
Orxan Xansuvarın sözlərinə görə, Qacarlar sülaləsinin Y-DNT nəticəsi J1 haploqrupunun Z1842 subkladının FT79725 alt qolu kimi müəyyənləşdirilib. Onun təqdim etdiyi məlumatda bu subkladın təxminən 2550 il yaşı olduğu bildirilir.
Araşdırmaçı qeyd edib ki, ata xətti üzrə Qacarlar şah sülaləsi Qəbələnin Nohurqışlaq və Qubanın Ərməki kəndlərindən olan şəxslərlə genetik uyğunluq göstərir. Onun sözlərinə görə, həmin xətt təxminən 3950 il əvvəl yaşamış Qafqazın qədim Şahdağ xalqlarından olan Buduq nümayəndəsi ilə də əlaqələndirilir. Eyni subkladda çeçen və ləzgi nümayəndələrinin də yer aldığı bildirilir.
O hesab edir ki, bu nəticələr Qacarların ata xəttinin Qafqazın qədim əhalisi ilə əlaqəsini göstərir və onların Orta Asiyadan gəlməsi barədə ənənəvi yanaşmaların yenidən nəzərdən keçirilməsinə əsas yarada bilər.
Onun sözlərinə görə, sözügedən genetik test fərdi xarakter daşıyır və Ağaməhəmməd şah Qacarın qardaşı Fətəli şah Qacarın birbaşa törəmələrinə aid şəxslər üzərində aparılıb. Qacar nəslinin müxtəlif qollarından götürülmüş digər nümunələrin də eyni subklad üzrə uyğunlaşdığı bildirilib.
Orxan Xansuvar qeyd edib ki, Qacarların genetik nəticəsi Family Tree DNA platformasının Discovery bölməsində də əks olunub. O, həmçinin Azərbaycan DNT layihəsi tərəfindən hazırlanan materialların müxtəlif elmi resurs və nəşrlərdə yayımlandığını bildirib.
Araşdırmaçı bu istiqamətdə çalışan Əkbər Əliyev, Rəzzaq Xansuvar, İlqar Əsədov, Sərxan Bəşirov və Yaroslav Volkova, eləcə də layihənin digər üzvləri doktor Ağaəli Varsaman və Ülvi Məmmədova təşəkkür edib.
Digər məlumata əsasən, Qacarların genetik xətti Qafqazla yanaşı, Xəzər hövzəsi ilə də əlaqələndirilir. O, J1 haploqrupunun Z640 subkladının Xınalıq kəndində aşkarlanmasını da bu kontekstdə qeyd edib.
Araşdırmaçı, həmçinin “Əkbəri-2026” paleodnt araşdırmalarında Qazaxıstanda, Xəzər dənizi sahillərində Xəzərlərə aid edilən qəbir sümüyündən Qacarların subkladına uyğun nəticənin əldə edildiyini bildirib. Onun fikrincə, bu nəticə həmin genetik xəttin qədim dövrlərdə Qafqazdan Xəzər ətrafına yayılması ehtimalını gündəmə gətirir.
Orxan Xansuvar Azərbaycanın müxtəlif xalqlarının genetik irsinin ayrıca araşdırılmasının vacibliyini də vurğulayıb. O, xüsusilə talışların ata xətlərinin tədqiqinin əhəmiyyətli olduğunu qeyd edərək, bu xalqın İran xalqları arasında müəyyən qədim paternal xətləri qoruduğunu bildirib.
Araşdırmaçı Azərbaycanda J1 haploqrupunun qədim mutasiyalarının da aşkarlandığını iddia edib. Onun sözlərinə görə, Yardımlının Sırıq kəndində 17 min, Dilican rayonunun Göyərçin kəndində isə 12 min il yaşı olduğu bildirilən paternal subkladlar müəyyənləşdirilib. Balaxanı və Horadizdə də qədim ata soyları ilə bağlı nəticələrin əldə edildiyi qeyd olunub.
Orxan Xansuvarın fikrincə, genetik tədqiqatların genişləndirilməsi Azərbaycanın müxtəlif bölgələrinin etnogenezinin araşdırılmasına və ölkə əhalisinin genetik tarixinin daha sistemli şəkildə öyrənilməsinə imkan verə bilər.
Azərbaycan DNT layihəsinin məqsədinin Azərbaycan əhalisinin genetik irsi üzrə vahid məlumat bazasının və akademik yanaşmaların formalaşdırılması olduğunu bildirən Xansuvar layihə çərçivəsində nəticələri gözlənilən 500-dən çox genetik test nümunəsinin olduğunu açıqlayıb.


