İdman Özəl

"Fənərbağça" avtobusuna hücumla bağlı istintaqda 5 nəfər saxlanıldı

Fənərbağça avtobusuna hücumla bağlı istintaqda 5 nəfər saxlanıldı

11 il əvvəl Trabzonda “Fənərbağça” futbol klubunun avtobusuna edilən hücumla bağlı istintaq çərçivəsində 5 nəfərin saxlanılıb.

Demokrat.az xəbər verir ki, bu barədə ədliyyə naziri Akın Gürlek məlumat yayıb.

Ədliyyə naziri Akın Gürlekin açıqlamasının detalları belədir:

"Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə xalqımızın vicdanında iz buraxan hadisələrin aydınlaşdırılması və ədalətin tam şəkildə təmin olunması üçün işimizi qətiyyətlə davam etdiririk.

2015-ci il aprelin 4-də Trabzonda “Fənərbağça” İdman Klubunun futbol komandasını daşıyan avtobusa edilən silahlı hücum yaddaşlarda qalmaqdadır. Avtobus sürücüsünün ağır yaralandığı, futbolçuların və klub əməkdaşlarının böyük təhlükə ilə üzləşdiyi bu hücum xalqımızın vicdanında yara olaraq qalıb.

Nazirliyimizdə Cinayət İşləri Baş İdarəsinin nəzdində yaratdığımız Açılmamış Cinayətlərin Araşdırılması İdarəsinin fəaliyyəti çərçivəsində iş yenidən nəzərdən keçirilib. Yeni texnoloji imkanlardan və müasir araşdırma üsullarından istifadə edilməklə bütün sübutlar yenidən qiymətləndirilib.

Trabzon Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində həyata keçirilən yeni HTS və baza stansiyası analizlərindən əldə olunan sübut və məlumatlar əsasında Trabzon Vilayət Polis İdarəsi bu səhər 5 şübhəliyə qarşı əməliyyat keçirib. Şübhəlilərin ünvanlarında axtarış və götürmə tədbirləri həyata keçirilib, zəruri hüquqi prosedurlara başlanılıb.

Bu istintaqın yeganə məqsədi 11 il əvvəl törədilmiş bu mənfur hücumun arxasında dayanan şəxs və ya şəxsləri konkret sübutlarla müəyyən etməkdir. Hücum hansı komandaya, hansı idmançıya və ya hansı azarkeş qrupuna qarşı yönəlməsindən asılı olmayaraq, idman sahəsində zorakılığa münasibətimiz qətidir.

Bu fürsətdən istifadə edərək Cinayət İşləri Baş İdarəsinə, xüsusilə Açılmamış Cinayətlərin Araşdırılması İdarəsinə, istintaqı diqqətlə aparan Trabzon Respublika Baş Prokurorluğuna, işdə iştirak edən prokurorlara, Trabzon Vilayət Polis İdarəsinə və prosesə töhfə verən bütün dövlət qulluqçularına təşəkkür edirəm.

Türkiyə futbol ictimaiyyətinin və xalqımızın illərdir cavabını gözlədiyi sualların aydınlaşdırılması üçün prosesi sona qədər izləyəcəyik. Nə hər hansı şəxs və ya qrupun haqsız yerə şübhə altında qalmasına, nə də hər hansı hücumun açılmamış qalmasına imkan verəcəyik".

Jalə Demokrat.az

D
demokrat.az