Gündəm Özəl

“David Seliverstov” - Kazım Abbasovun fırıldaqlarının detalları — Yeni FAKTLAR (VİDEO)

“David Seliverstov” - Kazım Abbasovun fırıldaqlarının detalları — Yeni FAKTLAR (VİDEO)

Azərbaycan ictimaiyyəti və mediasında “əsrin fırıldağı” adlandırıla biləcəyimiz hadisə – özünü beynəlxalq humanitar təşkilatların nümayəndəsi, xeyriyyəçi və yəhudi icmasının təmsilçisi kimi təqdim edən “David Seliverstov”un, yəni Kazım Abbasovun əməlləri müzakirə edilir.

Müzakirə edilən fırıldaq hadisəsinin miqyasını anlamaq üçün öncə bir sualı cavablamaq zərurəti var: David Seliverstov kimdir?

Əsl adı Kazım Elşən oğlu Abbasov olan bu şəxs 2011-ci ildə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmək (Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri) ittihamı ilə 4 il 6 ay müddətində azadlıqdan məhrum edilib. O, özünü saxta yolla vəsiqə düzəldərək, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edib və insanları müxtəlif vədlərlə aldadıb, eyni zamanda, təzyiq və şantaj əməlləri törədib. Daha sonra Kazım Abbasov haqqında Xəzər Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.2-ci (saxta sənədlərdən bilə-bilə istifadə etmə) maddələri ilə cinayət işi açılıb, məhkəmənin hökmü ilə 2 il müddətində azadlıqdan məhrum edilib, 3500 manat cərimə olunub. 2014-cü ildə isə bu şəxs külli miqdarda narkotik vasitələrinin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib. Uzun müddət həbsxana həyatından sonra azadlığa çıxan Kazım Abbasov “David Seliverstov” olaraq fırıldaqlarını davam etdirib, bu dəfə “Magen David Azərbaycan İnsan Hüquqları və Xeyriyyə Cəmiyyəti” adlandırdığı təşkilatın adı altında.

Hüquq müdafiəçiləri Cingiz Qənizadə, Səidə Qocamanlı, Novella Cəfəroğlu və Səadət Bənənyarlı mediaya açıqlamalarında bildiriblər ki, Azərbaycanda “David Seliverstov” adında vətəndaş mövcud deyil. Maraqlıdır ki, Kazım Abbasov bu ad altında necə fəaliyyət göstərib? Axı onun fırıldaqları gizli şəkildə baş verməyib, əksinə, Kazım Abbasov təşkil etdiyi müxtəlif tədbirlərdə, çıxdığı efirlərdə özünü “David Seliverstov” kimi təqdim edir.

2025-ci ildə MTV-nin “Geriyə Baxanda” verilişinə qonaq kimi qatılan Kazım Abbasov “David Seliverstov” kimi çıxış edir. Bildirir ki, rəhbəri olduğu “Magen David Azərbaycan İnsan Hüquqları və Xeyriyyə Cəmiyyəti” 2021-ci il avqustun 16-da Milli Məclisin deputatı, Azərbaycan–İsrail parlamentlərarası işçi qrupunun rəhbəri Anatoliy Rafailovun təşəbbüsü ilə yaradılıb. İddia edir ki, məqsədləri “yəhudi milli irsinin qorunması”, “insanların hüquqlarının müdafiə edilməsi”dir. Araşdırmalar təsdiq edir ki, Kazım Abbasov özünü “DTX əməkdaşı” kimi təqdim edərək, şantaj yolu ilə sahibkarlardan pul alır, “David Seliverstov” adı altında “xeyriyyəçi” kimi bu əməllərini leqallaşdırmağa çalışır.

Burada diqqətçəkən birdən çox məqam geniş müzakirə mövzusuna çevrilib.

Birincisi, deputat Anatoliy Rafailovun “David Seliverstov”la əlaqələridir.

Kazım Abbasov təsdiq edir ki, “Magen David Azərbaycan İnsan Hüquqları və Xeyriyyə Cəmiyyəti” Anatoliy Rafailovun təşəbbüsü ilə yaradılıb. Bildirir ki, Quba-Qusar bölgəsində müxtəlif tədbirlər keçirir, “yəhudi irsinin qorunması” istiqamətində işləyirlər. Görünür, bu şəxs fırıldaqçılığını ört-basdır etmək, eləcə də müxtəlif qurumların vəsiqələrindən saxta yolla istifadə edərək, sahibkarlara təzyiq göstərmək fəaliyyətində deputat Anatoliy Rafailovun adından istifadə edib. Maraqlıdır ki, Anatoliy Rafailov onun qanunsuz əməllərindən xəbəri varmı, deputatın özü də bu fırıldaqlarda yer alıbmı? Anatoliy Rafailov bu suallara cavab verməkdən imtina edir.

İkincisi, MTV bu fırıldaqçını niyə efirinə çıxarıb, telekanal “David Seliverstov”un fırıldaqları haqqında məlumatlıdırmı?

“Geriyə Baxanda” verilişi adətən ziyalıların, ictimai-siyasi çəkisi olan şəxslərin qatıldığı verilişdir və proqrama dəvət olunanlar geriyə baxaraq, keçdikləri yoldan bəhs edir, tamaşaçıları maarifləndirəcək fikirlər səsləndirirlər. “David Seliverstov”un keçmişinə baxanda yalnız fırıldaqçılıq görünür, bu günü də dələduzluqdan ibarətdir. Belə bir şəxs tamaşaçılara yalnız yalan və uydurma iddialar təqdim edə bilər. Əslində efirə çıxması onun öz fırıldaqlarını leqallaşdırmaq baxımından sərfəlidir. Bəs, MTV bundan nə qazanıb? Cavabsız qalan suallardan biri də budur.

“David Seliverstov” – Kazım Abbasovun əməlləri israilli beynəlxalq dələduz Şimon Hayutun (Saymon Levayev) fırıldaqlarını xatırladır. 2022-ci ildə “Netflix” platforması Şimon Hayut haqqında “Tinder fırıldaqçısı” (The Tinder Swindler) adlı film istehsal etdi. Real hadisələrə əsaslanan filmdə də göstərilir ki, Şimon Hayut özünü milyoçu kimi təqdim edərək, tanış olduğu qadınları aldadıb, milyonlarla dollar vəsait əldə edib.

“David Seliverstov”la Şimon Hayut arasındakı yeganə fərq ikincinin həqiqətən israilli olması, birincinin isə özünü yəhudi kimi təqdim etməsidir. Fırıldaqçılıq əməllərinin miqyası demək olar ki, eynidir. “David Seliverstov” da Şimon Hayut kimi öz fırıldaq əməllərində qadınlardan da istifadə edib. Onun rəhbərlik etdiyi “Magen David Azərbaycan”ın tərkibində “Magen David International Center for Women” adlı təşkilat da var. Direktoru Aygün Əhmədovadır. Aygün Əhmədova, həmçinin “Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin idarə heyətinin sədri Aygün Ağamalı, idarə heyətinin üzvləri- icraçı direktor Sevinc Həsənova və hüquq departamentinin rəhbəri Nəzakət Mahmudova 13-16 dekabr 2023-cü il tarixlərində Tbilisiyə səfər ediblər. Səfər iştirakçıları “Magen David Group”un nümayəndələri kimi təqdim edilir. Bildirilir ki, səfərin məqsədi Gürcüstanda yəhudi icmasının nümayəndələri ilə görüşmək olub. Göründüyü kimi, alfons olduğu deyilən “David Seliverstov” öz fırıldaqlarına qadınları da alət edib. Məlumatlara görə, “David Seliverstov” “Magen David International Center for Women” adlı təşkilatın rəhbəri Aygün Əhmədova ilə şəxsi münasibətlərə də malikdir. Qadınların fırıldaq əməllərində istifadə edilməsi də A.Əhmədova tərəfindən təşkil edilir. (Bununla bağlı A.Əhmədovanın mövqeyini dərc etməyə hazırıq). “Magen David International Center for Women” adlı təşkilatın Azərbaycanda dövlət qeydiyyatında olması haqqında da məlumat yoxdur. A.Əhmədovanın hansı xətlə belə bir təşkilatın rəhbəri olması da sual doğuran məqamlardandır.

Son məlumatlara görə, “David Seliverstov” – Kazım Abbasov mediada fırıldaq əməlləri ifşa olunan kimi ölkədən qaçıb. Tbilisiyə getdiyi deyilən “David Seliverstov” hətta qaçarkən də, fırıldaqlarını davam etdirir. Belə ki, o, guya İsraillə iş məqsədilə getdiyini və məqsədinin Azərbaycana investisiya cəlb etmək olduğunu iddia edir.

Azərbaycanda isə hüquq-mühafizə orqanları və hüquq müdafiəçiləri onun haqqında müraciət yayıb. Müraciətdə bildirilir ki, “David Seliverstov” – Kazım Abbasovun əməllərindən zərərçəkən vətəndaşlar və bu şəxsdən hər hansı formada təzyiq və ya təhdid görənlər çəkinmədən müvafiq qurumlara müraciət etsinlər.

Vaqif Hüseynli Demokrat.az

D
demokrat.az