Avqust ayı astronomiya həvəskarları üçün zəngin səma hadisələri ilə yadda qalacaq. Ay ərzində tam Günəş tutulması, Perseid meteor yağmuru, Veneranın parlaq görünüşü və parçalı Ay tutulması baş verəcək.
Demokrat.az xəbər verir ki, avqust ayında bir sıra maraqlı astronomik hadisələri müşahidə etmək mümkün olacaq.
12 avqust – Tam Günəş tutulması
Avqustun 12-də tam Günəş tutulması baş verəcək.
Tutulmanı Şimali Rusiya, Qrenlandiya, İslandiya, Şimali İspaniya və Portuqaliyanın bəzi ərazilərindən tam şəkildə izləmək mümkün olacaq. ABŞ-nin Alyaskadan Şimali Karolinayadək uzanan bəzi bölgələrində isə Günəş tutulması qismən müşahidə ediləcək.
Mütəxəssislər Günəş tutulmasına baxarkən xüsusi qoruyucu eynəklərdən istifadə etməyi tövsiyə edir. Adi eynəklə və ya heç bir qoruyucu vasitə olmadan Günəşə baxmaq gözlərə ciddi zərər verə bilər. Xüsusi filtr olmadan durbin, teleskop və kamera ilə Günəşə birbaşa baxmaq da təhlükəlidir.
12-13 avqust – Perseid meteor yağmuru
Avqustun 12-dən 13-nə keçən gecə Perseid meteor yağmurunun ən aktiv mərhələsi müşahidə olunacaq.
Bu il meteor yağmurunu izləmək üçün əlverişli şərait yaranacaq. Həmin günlərdə Ayın yeni Ay fazasında olması səmanın daha qaranlıq görünməsinə imkan verəcək.
Perseid meteor yağmuru "Swift-Tuttle" kometinin geridə qoyduğu toz və qalıqların Yer atmosferinə daxil olaraq yanması nəticəsində yaranır.
Meteorları müşahidə etmək üçün şəhər işıqlarından uzaq ərazilərə getmək və hava qaraldıqdan sonra səmanın şimal-şərq istiqamətinə baxmaq tövsiyə olunur.
14-16 avqust – Venera parlaq görünəcək
Avqustun 14-dən 16-dək Venera planetini müşahidə etmək üçün əlverişli şərait olacaq.
Venera Günəş batdıqdan sonra qərb üfüqündə görünəcək. Planet yüksək parlaqlığı ilə digər səma cisimlərindən asanlıqla seçiləcək.
27-28 avqust – Parçalı Ay tutulması
Avqustun sonunda daha bir maraqlı astronomik hadisə baş verəcək.
Avqustun 27-dən 28-nə keçən gecə Ay tutulması müşahidə ediləcək. Tutulma zamanı Ay Yerin kölgəsindən keçəcək və parçalı tutulma baş verəcək.
Hadisəni Şimali və Cənubi Amerikanın böyük hissəsindən, eləcə də Avropa və Afrikanın bəzi ərazilərindən izləmək mümkün olacaq.
Tutulmanın ən yüksək mərhələsində Ayın diametrinin təxminən 93 faizi Yerin qaranlıq kölgəsinə daxil olacaq. Ay tamamilə kölgədə qalmayacaq. Onun səthinin böyük hissəsi qaralacaq və misə çalan qırmızımtıl rəng alacaq.
Ay tutulmasını adi gözlə izləmək təhlükəsizdir. Bunun üçün xüsusi qoruyucu eynəklərdən istifadə etməyə ehtiyac yoxdur.
Jalə Demokrat.az


