Geyimlərin yuyulması problemini aradan qaldırmağı hədəfləyən yeni nəsil köynək texnologiyası böyük maraq doğurub. Parçanın strukturuna əlavə edilən xüsusi komponentlər sayəsində məhsul günlərlə qoxusuz qalır. Texnologiyanın arxasındakı elmi detallar və satış qiyməti açıqlanıb.
Demokrat.az xəbər verir ki, qarderobların ən əsas geyimlərindən biri hesab olunan köynəklər gündəlik həyatda ən tez çirklənən və tez-tez yuyulmalı olan geyimlər sırasında yer alır. ABŞ-da fəaliyyət göstərən texnologiya startapı “Hercleon” isə paltar yuma problemini aradan qaldırmaq iddiası ilə diqqət çəkən yeni layihə hazırlayıb.
Kamerunda anadan olmuş ixtiraçı Venslaus Muenyinin hazırladığı “HercShirt V5.0” adlı bu köynəyin 30 gün ərzində heç bir yuyulmaya ehtiyac olmadan təmiz qala bildiyi bildirilir. Şirkət dünyanın ilk yuyulma tələb etməyən geyimini hazırladığını qeyd edir və bunu parçanın tərkibindəki xüsusi materiallarla əsaslandırır.
Yeddi fərqli komponent pis qoxulara qarşı qoruyucu yaradır
Hazırlanan xüsusi parçanın əsasını qoxunun başlıca mənbəyi olan bakteriyaları hüceyrə səviyyəsində təsirsiz hala gətirən gümüş və mis elementləri təşkil edir. Sistem yalnız bu iki metalla məhdudlaşmır.
Qarışığa məsaməli quruluşu sayəsində qoxuları öz daxilində saxlayan vulkan külü də əlavə edilib. Bu material daha çox pişik qumlarında istifadə olunması ilə tanınır.
“Kickstarter” platformasında yayılan məlumatlara görə, formulda olan sink elementi stress nəticəsində yaranan tər qoxusundakı kükürdlü birləşmələri neytrallaşdırmağa kömək edir. İstehsalçı şirkət hormonal dəyişikliklər və ammonyakdan yaranan qoxuların qarşısını alan iki digər gizli elementi açıqlamayıb.
Muenyi Sauthempton Universitetində aparılan elmi araşdırmalara istinad edərək bildirir ki, mis səthlər təmas zamanı bakteriyaları məhv edir və bunun nəticəsində tərləmə olsa belə, xoşagəlməz qoxunun yayılmasının qarşısı alınır.
Qiymət və təmizliklə bağlı xəbərdarlıq
İstifadəçilərə üç fərqli qoruma səviyyəsi təqdim edən köynəklər istifadə vərdişlərinə uyğun variantlarda satışa çıxarılacaq.
Üç günlük təravət vəd edən daha sərfəli model, iki həftə davamlılıq təqdim edən standart versiya və bir ay ərzində qoxusuz qalacağı bildirilən yüksək səviyyəli model istehlakçılara təqdim olunur.
30 gün yuyulmadan istifadə zəmanəti verilən ən üst modelin satış qiyməti 79 dollar müəyyən edilib.
Qara və lacivərd rəng seçimləri ilə kütləvi maliyyələşdirmə platformasında dəstək toplayan layihə qısa müddətdə 1 740-dan çox dəstəkçiyə çatıb və 272 min dollardan artıq vəsait toplayıb.
Bununla belə, şirkət mühüm bir məqamı da vurğulayır. İstehsalçı bildirir ki, bu parça texnologiyası şəxsi gigiyenanı əvəz etmir. Palçıq, qida ləkələri və ya fiziki çirklənmələr parçanın öz-özünə təmizlənməsi ilə aradan qalxmır.
Jalə Demokrat.az


