Maraqlı Özəl

Elmi fantastika gerçəyə çevrilir: Bu insan deyil, robotdur

Elmi fantastika gerçəyə çevrilir: Bu insan deyil, robotdur

Çinin “AheadForm” şirkəti tərəfindən hazırlanan “Origin–F1” adlı humanoid robot süni intellekt əsaslı üz hərəkəti alqoritmləri və son dərəcə real mimikaları ilə böyük maraq doğurub.

Demokrat.az xəbər verir ki, şirkətin təqdim etdiyi görüntülərdə robotun baxış istiqaməti, göz qırpması və üz ifadələrinin təbiiliyi elmi fantastika filmlərini xatırladır.

Qiyməti 173 min dollara çatır

“Origin–F1” texniki xüsusiyyətlərindən asılı olaraq 50 min dollardan 173 min dollara qədər qiymətə təklif olunur.

Yüksək qiymətinə baxmayaraq, robot qısa müddətdə internet istifadəçilərinin diqqətini cəlb edib. Sosial şəbəkələrdə paylaşılmış təqdimat videolarına şərh yazan istifadəçilər onun baxışlarının və göz qırpma hərəkətlərinin olduqca təbii göründüyünü bildirirlər.

Bəzi istifadəçilər isə gələcəkdə bu cür robota sahib olmaq üçün indidən büdcə ayırmağı planlaşdırdıqlarını qeyd ediblər.

İnsan mimikalarını yüksək dəqiqliklə canlandırır

Masaüstü ultra-biotəqlid robotu kateqoriyasına aid edilən “Origin–F1” 26 sərbəstlik dərəcəsinə malik mexaniki quruluşla təchiz olunub.

Bu imkan robotun ən xırda üz ifadələrini belə dəqiq şəkildə canlandırmasına şərait yaradır.

Model sarı və qara saçlı iki fərqli qadın görünüşündə nümayiş etdirilib. Üçölçülü konstruksiya və yüksək dəqiqlikli sintetik dəri sayəsində gələcəkdə müxtəlif xarici görünüş variantlarının təqdim ediləcəyi bildirilir.

Rəqabət daha da güclənir

Humanoid robot bazarında rəqabət sürətlə artır.

“UBTech Robotics” şirkəti də istifadəçilərə uzunmüddətli yoldaş kimi nəzərdə tutulan “Uworld U1” adlı yeni humanoid robot seriyasını təqdim edib.

Şirkətin məlumatına görə, robotun örtüyü toxunduqda insan dərisi hissi yaradır, xüsusi onurğa konstruksiyası isə insan hərəkətlərinin təxminən 90 faizini təqlid edə bilir.

Robotların kişi modeli 183 santimetr, qadın modeli isə 169 santimetr hündürlüyündə hazırlanıb. Onlar yalnız gövdə və ya tam funksional bədən variantlarında satışa çıxarılacaq.

“Uworld U1” seriyasının başlanğıc qiyməti təxminən 17 300 dollar, ən təkmil versiyasının qiyməti isə 143 min dollara qədər yüksəlir.

Jalə Demokrat.az

D
demokrat.az