İdman Özəl

"Qalatasaray" türk futbolçu üçün rekord məbləğ təklif etdi

Qalatasaray türk futbolçu üçün rekord məbləğ təklif etdi

"Qalatasaray"ın Türkiyə millisinin futbolçusu Can Uzunun transferi üçün Almaniyanın "Ayntraxt Frankfurt" klubuna etdiyi təklifin detalları açıqlanıb.

Demokrat.az xəbər verir ki, Türkiyə çempionu yay transfer dövrünün əsas hədəflərindən biri hesab olunan Can Uzun üçün rekord təklif irəli sürüb. Məlumata görə, İstanbul təmsilçisi "Ayntraxt Frankfurt"a şifahi olaraq 35 milyon avro sabit ödəniş, 5 milyon avro bonus və futbolçunun növbəti satışından faiz nəzərdə tutan paket təqdim edib.

Klub rəhbərliyi həm futbolçunun komandaya qoşulmaq istəyini, həm də onun uzunmüddətli investisiya potensialını nəzərə alaraq transferi başa çatdırmaq üçün bütün imkanları səfərbər edib.

Lakin Almaniya klubu danışıqlarda geri addım atmayıb. "Ayntraxt Frankfurt" 20 yaşlı futbolçunun Avropada sürətlə yüksələn dəyərini əsas gətirərək təklifi kifayət qədər cəlbedici hesab etməyib. Bildirilir ki, Bundesliqa təmsilçisi transfer məbləğinin tam şəkildə, 50 milyon avro həcmində nağd ödənilməsini tələb edir.

Tərəflər arasında danışıqlar davam edir və "Qalatasaray"ın ödəniş planı ilə bağlı yeni variantlar hazırladığı qeyd olunur.

Məlumata görə, Can Uzun "Qalatasaray"ın layihəsinə müsbət yanaşır və transfer prosesini yaxından izləyir. "Sarı-qırmızılılar" Almaniya klubu ilə ortaq məxrəcə gəlmək üçün təmaslarını davam etdirirlər. Klub rəhbərliyi "10 nömrə" mövqeyinə transferi qısa müddətdə yekunlaşdırmağı qarşıya məqsəd qoyub.

Bununla yanaşı, mümkün razılaşma baş tutmayacağı təqdirdə alternativ namizədlərlə də danışıqlar aparılır. Lakin siyahının ilk sırasında məhz Can Uzunun adı yer alır.

"Qalatasaray" rəhbərliyi transfer prosesini sürətləndirmək məqsədilə "Kəmərburqaz" məşq bazasında geniş tərkibli iclas keçirib. Toplantıda klub prezidenti Dursun Özbək, "Sportif AŞ"nin vitse-prezidenti Abdullah Kavukcu və baş məşqçi Okan Buruk iştirak ediblər.

İclas zamanı davam edən transfer danışıqları müzakirə olunub, texniki heyətin istəkləri nəzərdən keçirilib və növbəti addımlar müəyyənləşdirilib.

Rəhbərliyin əsas məqsədi, xüsusilə "10 nömrə" və hücum xətti üçün nəzərdə tutulan transferləri mümkün qədər qısa müddətdə yekunlaşdırmaqdır.

Məlumata əsasən, "Qalatasaray" baş məşqçi Okan Burukun istədiyi heyəti formalaşdırmaq üçün, ilk növbədə Can Uzun olmaqla gündəmdə olan futbolçuların transferi naminə bütün imkanlardan istifadə etməyə hazırdır. Klubda yaxın günlərdə transfer bazarında yeni inkişafların olacağı gözlənilir.

Jalə Demokrat.az

D
demokrat.az