İdman Özəl

"Qalatasaray" "Barselona"nın da istədiyi "10 nömrə"ni transfer edir

Qalatasaray Barselonanın da istədiyi 10 nömrəni transfer edir

"Qalatasaray" yay transfer dövründə "Börnli"dən icarəyə götürülən Lesli Uqoçukvudan başqa yeni futbolçu heyətinə qatmayıb. Azarkeşlərin narazılığı getdikcə artdığı bir vaxtda klub rəhbərliyi transfer çalışmalarını sürətləndirib. İstanbul təmsilçisi əsas prioritet hesab olunan "10 nömrə" mövqeyi üçün diqqətini Portuqaliyanın gənc istedadı Rodriqo Mora de Karvalyoya yönəldib.

Demokrat.az xəbər verir ki, "Fanatik"in məlumatına görə, 19 yaşlı futbolçunun transferi ilə bağlı "Porto" ilə danışıqlara başlanılıb. "Qalatasaray" Moranı məcburi satınalma şərti ilə icarəyə götürmək istəyir. Portuqaliya klubunun transfer haqqı ilə bağlı gözləntilərindən asılı olaraq, tərəflər daimi transfer variantını da müzakirə edə bilər.

Rodriqo Mora 25 sentyabr 2024-cü ildə, cəmi 17 yaşında olarkən "Porto"nun əsas komandasında ilk rəsmi oyununa çıxıb. Gənc futbolçu ilk mövsümündə çempionatda keçirdiyi 23 oyunda 10 qol və 4 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.

Onun "Porto"da daha böyük sıçrayış edəcəyi gözlənilsə də, ötən mövsüm baş məşqçi Françesko Fariolinin rəhbərliyi altında oyun vaxtı azalıb və gözləntiləri doğrulda bilməyib. 18 yaşında Portuqaliya milli komandasına dəvət alan yarımmüdafiəçi ötən mövsümdəki enişdən sonra dünya çempionatı üçün heyətə daxil edilməyib.

Rodriqo Mora yetişdiyi "Porto" klubunda özünü rahat hiss etsə də, əsas heyətdə müntəzəm forma geyinmək niyyətindədir. Gənc futbolçu "Farioli"nin ona yetərincə şans verməyəcəyini düşünərsə, komandadan ayrılmağa qərar verə bilər.

19 yaşlı yarımmüdafiəçi "Barselona"nın da maraq dairəsindədir. Lakin indiyədək transferlərə 110 milyon avro xərcləyən İspaniya nəhənginin, heyətdən oyunçu satmadan Mora üçün rəsmi addım atmasının çətin olduğu bildirilir.

Jalə Demokrat.az

D
demokrat.az