Maraqlı Özəl

Limon mikrodalğalı sobanı təmizləməyə həqiqətən kömək edirmi?

Limon mikrodalğalı sobanı təmizləməyə həqiqətən kömək edirmi?

Mikrodalğalı sobanı limon və buxarla təmizləmə üsulu həqiqətən effektivdir.

Demokrat.az xəbər verir ki, bu barədə "Martha Stewart" nəşri mütəxəssislərin rəylərinə istinadən yazıb.

Mütəxəssislərin sözlərinə görə, su və limon qızdırıldıqda yaranan buxar qurumuş qida qalıqlarını yumşaldır, limon turşusu isə yağ və çirki parçalamağa kömək edir. Bundan əlavə, limon qabığındakı efir yağları sobaya xoş sitrus ətri verir. Bu üsul aqressiv kimyəvi təmizləyici vasitələrə ekoloji alternativ hesab olunur.

"Təmizləmə işinin əsas hissəsini əslində buxar görür. Mikrodalğalı sobanı yalnız su ilə də eyni üsulla təmizləmək mümkündür. Limon isə prosesi daha təsirli edir", deyə "Two Chicks and a Broom" şirkətinin sahibi Jaklin Yanus bildirib.

"Clean Mama" layihəsinin təsisçisi Beki Rapinçuk isə qeyd edib ki, limon qabığındakı efir yağları cihazın daxilində xoş qoxu yaradır.

Mikrodalğalı sobanı limonla necə təmizləmək olar?

Ekoloji təmizlik üzrə mütəxəssis Lesli Rayxert əvvəlcə yanmış qida qalıqlarını yumşaltmağı tövsiyə edir. Onun sözlərinə görə, yarım limonu duza batıraraq çirkli yerləri sürtmək yaxşı nəticə verir. Duz yüngül aşındırıcı təsir göstərir, limon isə çirki yumşaldır.

Çox inadkar ləkələr üçün limon suyu ilə qida sodasından pasta hazırlanması, onun çirkli sahəyə çəkilərək 10 dəqiqə saxlanılması, daha sonra ehtiyatla təmizlənməsi məsləhət görülür.

Mütəxəssislər qab yuyan maye əlavə etməməyi tövsiyə edirlər, çünki onun qalıqlarını tam təmizləmək çətin ola bilər.

Buxarla təmizləmə qaydası

Bir limonun şirəsini mikrodalğalı soba üçün uyğun qaba sıxın, üzərinə təxminən bir stəkan su əlavə edin və limonun sıxılmış hissələrini də qaba qoyun. Qarışığı yüksək gücdə 3–5 dəqiqə və ya sobanın şüşəsində kondensat yaranana qədər qızdırın. Daha sonra əlavə 30 saniyə işlədin.

Qızdırma bitdikdən sonra sobanın qapısını təxminən 5 dəqiqə açmayın ki, buxar qurumuş çirki tam yumşaltsın. Sonda daxili səthi mikrofiber parça ilə silin. Zərurət yaranarsa, prosesi təkrarlayın.

Qeyd olunur ki, təzə limon olmadıqda, butulkada satılan limon suyundan da istifadə etmək mümkündür.

Jalə Demokrat.az

D
demokrat.az