Türkiyənin "Qalatasaray" klubunun sabiq futbolçusu Mauro İkardi ilə keçmiş həyat yoldaşı Vanda Nara arasında uzun müddətdir davam edən pasport mübahisəsi üzrə İtaliya məhkəməsi qərar qəbul edib.
Demokrat.az xəbər verir ki, məhkəmə Mauro İkardinin etirazını rədd edərək, cütlüyün azyaşlı qızları Françeska və İzabellaya futbolçunun razılığı olmadan yeni pasportların verilməsinə icazə verib.
Məlumata görə, Vanda Naranın ABŞ-də olduğu vaxt evinə oğurluq edilib. Hadisə zamanı zinət əşyaları ilə yanaşı, qızlarının şəxsiyyət sənədləri və pasportları da oğurlanıb.
Uşaqların Argentinaya qayıda bilməsi üçün yeni pasportların alınması tələb olunurdu. Lakin azyaşlıların pasport rəsmiləşdirilməsi üçün hər iki valideynin razılığı lazım olduğundan proses dayanmışdı. Mauro İkardinin sənədləri imzalamaması səbəbindən Vanda Nara Milan məhkəməsinə müraciət edib.
İkardi isə uşaqların ölkədən çıxarılması ilə bağlı narahatlığını əsas gətirərək İtaliya məhkəməsinin bu məsələdə səlahiyyətli olmadığını bildirib və qərardan şikayət edib.
İtaliya məhkəməsi futbolçunun arqumentlərini kifayət qədər əsaslı hesab etməyib və qərarında uşaqların maraqlarının üstün tutulduğunu vurğulayıb.
Qərara əsasən, Françeska və İzabellaya Mauro İkardinin razılığı olmadan yeni pasport verilə bilər. Bundan əlavə, məhkəmə xərclərinin də futbolçu tərəfindən ödənilməsinə qərar verilib.
Qərardan sonra sosial şəbəkədə paylaşım edən Vanda Nara bunları yazıb:
“Hakim qızlarımın xeyrinə qərar verdi. Argentinaya qayıtmaq üçün artıq atalarının razılığına ehtiyac yoxdur. İtaliyada ədalət öz yerini tapdı. Oğurlanan pasportların yenidən alınması üçün yalnız analarının imzası kifayət edəcək. Yaxın zamanda evə qayıdırıq".
*Qeyd:* Mauro İkardi və Vanda Nara arasında boşanma və övladların qəyyumluğu ilə bağlı hüquqi proseslər hələ də davam edir.
Jalə Demokrat.az


