Maraqlı Özəl

Ruh halını anında dəyişən 4 təhlükəli qida

Ruh halını anında dəyişən 4 təhlükəli qida

Qidalanma təkcə fiziki sağlamlığa deyil, insanın əhvalına, davranışına və özünüqiymətləndirməsinə də təsir göstərir. Mütəxəssislərin fikrincə, uzun müddət zərərli qidalarla qidalanmaq stressi artırır, emosional tarazlığı poza və insanın özünəinamına mənfi təsir göstərə bilər.

Demokrat.az xarici mənbələrə istinadən psixoloqların və mütəxəssislərin diqqət çəkdiyi, psixoloji vəziyyətə mənfi təsir göstərə bilən qida qruplarını təqdim edir.

İlk növbədə, şəkərli məhsullar və sürətli karbohidratlar risk qrupuna daxildir. Şokolad, tort, şirin qazlı içkilər və digər yüksək şəkər tərkibli qidalar qanda şəkərin sürətlə yüksəlməsinə səbəb olur. Bu, qısa müddətli enerji hissi yaratsa da, sonradan yorğunluq, halsızlıq və əhvalın enməsi ilə nəticələnə bilər. Mütəxəssislər stressin şirniyyatla deyil, idman, gəzinti və ya digər faydalı fəaliyyətlərlə idarə olunmasını tövsiyə edirlər.

Yağlı və yüksək kalorili qidaların həddindən artıq qəbulu da psixoloji vəziyyətə mənfi təsir göstərə bilər. Fastfud məhsulları, bol yağda bişirilən yeməklər və xəmir məmulatlarının tez-tez istehlakı həm artıq çəkiyə, həm də özünü narahat hiss etməyə səbəb ola bilər. Psixoloqlar bildirirlər ki, emosional yemək vərdişi uzunmüddətli perspektivdə insanın özünəinamını zəiflədə bilər.

Qəlyanaltı kimi qəbul edilən çips, suxarı və digər emal olunmuş məhsullar da sağlam seçim hesab edilmir. Bu qidalar adətən yüksək miqdarda duz, yağ və müxtəlif əlavələr ehtiva edir. Davamlı olaraq belə məhsullara üstünlük vermək həm sağlamlığa zərər vurur, həm də stress və gərginlik dövründə yanlış qidalanma vərdişlərini gücləndirir.

Mütəxəssislər keyfiyyətsiz və mənşəyi şübhəli məhsullardan da uzaq durmağı məsləhət görürlər. Onların fikrincə, sağlam və keyfiyyətli qidalanmaya üstünlük vermək insanın həm fiziki, həm də psixoloji vəziyyətinə müsbət təsir göstərir. Qidalanmada əsas məqsəd ucuzluq deyil, təhlükəsizlik və keyfiyyət olmalıdır.

Psixoloqlar vurğulayırlar ki, özünəinamın formalaşmasına təkcə qidalanma deyil, həyat tərzi, yuxu rejimi, fiziki aktivlik və sosial münasibətlər də təsir edir. Buna görə də sağlam qidalanma balanslı həyat tərzinin vacib hissələrindən biri hesab olunur.

Jalə Demokrat.az

D
demokrat.az