Sağlamlıq Özəl

Bu səhvlər dəridə ləkə və erkən qocalmaya səbəb ola bilər

Bu səhvlər dəridə ləkə və erkən qocalmaya səbəb ola bilər

Günəş kremindən düzgün istifadə edilməməsi dərinin günəş şüalarından kifayət qədər qorunmamasına, nəticədə isə ləkələrin yaranmasına və erkən qocalma əlamətlərinin meydana çıxmasına səbəb ola bilər.

Demokrat.az xəbər verir ki, insanların günəş kremi istifadə edərkən yol verdiyi bəzi səhvlər onun qoruyucu təsirini əhəmiyyətli dərəcədə azaldır.

Bir çox insan günəş kreminin gözü qıcıqlandıracağından ehtiyat etdiyi üçün göz ətrafına krem çəkmir. Halbuki üzün ən nazik və həssas dərisi məhz bu nahiyədə yerləşir. Qorunmadıqda göz qapaqları və gözaltı hissədə erkən qırışlar, eləcə də tünd halqalar yarana bilər. Bu səbəbdən göz ətrafı üçün xüsusi hazırlanmış və ya mineral tərkibli günəş kremlərindən istifadə tövsiyə olunur. Dermatoloqlar bildirirlər ki, günəş kreminin üzərində göstərilən SPF qoruma səviyyəsinin tam təsir göstərməsi üçün krem düzgün miqdarda tətbiq edilməlidir. Bunun üçün tövsiyə olunan “iki barmaq qaydasına” əsasən, şəhadət və orta barmaq boyunca sıxılan krem miqdarı üz və boyun üçün kifayət edir. Daha az miqdarda istifadə edildikdə isə kremin qoruyucu təsiri 50 faizdən çox azalır.

Bir çox insan günəş kremini yalnız üzün görünən hissələrinə çəkir. Halbuki qulaqlar, qulaq arxası və boyun günəş şüalarının ən çox təsir etdiyi nahiyələrdəndir. Bu hissələrdə günəş ləkələrinin yaranması və dəri xərçəngi riski daha yüksək olduğundan həmin bölgələrə də kifayət qədər günəş kremi çəkmək vacibdir.

Bildirilir ki, kimyəvi tərkibli günəş kremlərinin təsir göstərməsi üçün onların dəriyə hopmasına vaxt lazımdır. Buna görə də krem çəkdikdən sonra ən azı 15-20 dəqiqə gözləmək tövsiyə edilir. Kremi çəkən kimi günəşə çıxmaq və ya dərhal makiyaj etmək onun qoruyucu təbəqəsinin tam formalaşmasına mane olur və dərini ultrabənövşəyi (UV) şüaların zərərli təsirinə qarşı müdafiəsiz qoyur.

Fidan Hacızadə

D
demokrat.az