Artıq çəkidən xilas olmaq istəyənlərin əksəriyyəti sərt pəhrizlərə əməl edir və ya saatlarla idman zalında məşq etməyə çalışır. Lakin mütəxəssislər bildirirlər ki, gündəlik həyat tərzində edilən bəzi dəyişikliklər də arıqlama prosesini sürətləndirə bilər.
Demokrat.az xəbər verir ki, dietoloq və endokrinoloq Oksana Panova idman zalına getmədən və ciddi pəhriz saxlamadan çəki azaltmağa kömək edən əsas vərdişləri açıqlayıb.
Mütəxəssisin sözlərinə görə, ilk növbədə səhər yeməyindən imtina etmək olmaz. Günə balanslı səhər yeməyi ilə başlamaq maddələr mübadiləsini sürətləndirir, gün ərzində aclıq hissini azaldır və həddindən artıq qidalanmanın qarşısını alır.
Dietoloq gündəlik qidalanmada gizli kalorilərə də diqqət yetirməyi tövsiyə edir. Hazır souslar, mayonez, şirin əlavələr və normadan artıq istifadə olunan bitki yağları qəbul edilən kalorinin artmasına səbəb olur. O, yağlı ət əvəzinə toyuq və hinduşka ətinə, adi makaron əvəzinə isə tam buğda unundan hazırlanan məhsullara üstünlük verilməsini məsləhət görür.
Panova bildirir ki, yeməyi yavaş-yavaş və yaxşı çeynəyərək qəbul etmək də artıq qidalanmanın qarşısını alır. Çünki beynin toxluq siqnalını qəbul etməsi üçün müəyyən vaxt tələb olunur.
Mütəxəssis həmçinin gizli şəkər mənbələrinə diqqət yetirməyi vacib sayır. Onun sözlərinə görə, ketçup, müxtəlif souslar və hazır səhər yeməklərinin tərkibində yüksək miqdarda şəkər ola bilər. Buna görə məhsulların tərkibini oxumaq tövsiyə edilir.
Arıqlama prosesində yuxunun da mühüm rol oynadığı bildirilir. Kifayət qədər yatmamaq iştahı tənzimləyən hormonların fəaliyyətini pozur və gün ərzində daha çox qida qəbuluna səbəb olur. Sağlam yuxu üçün gecə 7-8 saat istirahət etmək tövsiyə edilir.
Dietoloqun fikrincə, qidalanma rasionunda zülal və liflə zəngin məhsulların artırılması da çəkinin idarə olunmasına kömək edir. Yumurta, yağsız ət, kəsmik, pendir, tərəvəz, göyərti və paxlalılar uzun müddət toxluq hissi yaradaraq lazımsız qəlyanaltıların qarşısını alır.
Mütəxəssislər hesab edirlər ki, davamlı nəticə əldə etmək üçün qısamüddətli pəhrizlərdən deyil, sağlam qidalanma və düzgün həyat tərzindən ibarət vərdişlər formalaşdırmaq daha səmərəli yanaşmadır.
Jalə Demokrat.az


