Maraqlı Özəl

Kimyəvi vasitələr olmadan milçəklərdən necə qurtulmaq olar?

Kimyəvi vasitələr olmadan milçəklərdən necə qurtulmaq olar?

Yay aylarında havaların isti keçməsi evlərdə milçəklərin sayının artmasına səbəb olur.

Demokrat.az xəbər verir ki, zərərvericilərlə mübarizə üzrə mütəxəssis Viki Holl ITV.com-a açıqlamasında kimyəvi vasitələrdən istifadə etmədən milçəklərdən xilas olmağa kömək edə biləcək bir neçə üsulu bölüşüb.

Alma sirkəsi və qabyuyan maye

Bu üsul xüsusilə meyvə milçəklərinə qarşı təsirli hesab olunur. Bunun üçün kiçik bir qaba alma sirkəsi tökülür və üzərinə bir neçə damcı qabyuyan maye əlavə edilir. Alma sirkəsi milçəkləri cəlb edir, qabyuyan maye isə mayenin səthi gərginliyini azaltdığı üçün həşəratlar mayeyə düşərək çıxa bilmirlər.

Plastik butulkadan hazırlanmış tələ

Evdə hazırlanan tələ üçün iki litrlik plastik butulka kifayətdir. Butulkanın yuxarı hissəsi kəsilərək tərsinə çevrilir və aşağı hissəyə yerləşdirilir. Beləliklə, huni formasında tələ hazırlanır. Kənarlar yapışqan lent və ya steplerlə bərkidilə bilər.

Qəhvə

Sosial şəbəkələrdə yayılan məsləhətlərdən birinə görə, üyüdülmüş qəhvə folqaya tökülərək sobada təxminən 15 dəqiqə qızdırılır, sonra isə mətbəxdə açıq yerdə saxlanılır. Hesab olunur ki, qəhvə qoxusu və yaranan tüstü milçəkləri uzaqlaşdıra bilər. Lakin bu üsulun effektivliyi ilə bağlı elmi sübutlar məhduddur.

Pəncərə torlarından istifadə

Mütəxəssislər milçəklərin evə daxil olmasının qarşısını almağın ən səmərəli yollarından birinin pəncərələrə ölçüyə uyğun torların quraşdırılması olduğunu bildirirlər. Bu, isti havalarda pəncərələri açıq saxlamağa imkan verir, eyni zamanda həşəratların içəri daxil olmasının qarşısını alır.

Viki Holl bildirib ki, meşəlik əraziyə yaxın yaşadığı üçün daim pəncərə torlarından istifadə edir və onların həqiqətən effektiv olduğunu öz təcrübəsində gördüyünü deyib.

Jalə Demokrat.az

D
demokrat.az