İdman Özəl

"Qalatasaray" "Mançester Siti"dən futbolçu transfer edir

Qalatasaray Mançester Sitidən futbolçu transfer edir

Yeni mövsümdə bütün turnirlərdə uğurlu çıxış etməyi hədəfləyən "Qalatasaray" transfer çalışmalarını davam etdirir.

Demokrat.az xəbər verir ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, İstanbul klubu "Mançester Siti"nin niderlandlı yarımmüdafiəçisi Titsani Reyndersi heyətinə cəlb etmək üçün yenidən hərəkətə keçib.

Bildirilir ki, "Qalatasaray" İngiltərə klubuna satınalma hüququnu özündə ehtiva edən icarə təklifi təqdim etməyə hazırlaşır. Tərəflər arasında danışıqların yaxın günlərdə daha da intensivləşəcəyi gözlənilir.

Məlumata əsasən, transferdə mühüm məqamlardan biri futbolçunun mövqeyidir. İddia olunur ki, klublar razılığa gələrsə, Reynders "Qalatasaray"a keçməyə müsbət yanaşır. UEFA Çempionlar Liqasında çıxış perspektivi və komandanın iddialı heyət quruculuğu futbolçunun qərarında mühüm rol oynayır.

"Qalatasaray" rəhbərliyinin yüksək transfer məbləğini nəzərə alaraq "Mançester Siti"ni satınalma hüququ ilə icarə modelinə razı salmağa çalışdığı bildirilir.

Məlumata görə, komandanın baş məşqçisi Okan Buruk da dinamik oyunu, yüksək oyun intellekti və həm hücumda, həm də müdafiədə faydalı çıxışı ilə seçilən Titsani Reyndersi heyətində görmək istəyir.

Qeyd edək ki, tərəflər arasında danışıqlarla bağlı hələlik rəsmi açıqlama verilməyib.

Jalə Demokrat.az

D
demokrat.az