UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksələn "Fənərbağça" heyətini "Milan"ın portuqaliyalı hücumçusu Rafael Leao ilə gücləndirmək üçün danışıqları intensivləşdirib. Türkiyə mətbuatının məlumatına görə, qarşıdakı 24 saat transferin taleyi baxımından həlledici ola bilər.
Demokrat.az xəbər verir ki, İstanbul təmsilçisi dünya səviyyəli ulduz futbolçunu heyətinə cəlb etmək məqsədilə İtaliyada rəsmi təmaslara başlayıb və danışıqların mühüm mərhələyə çatdığı bildirilir.
Xəbərdə qeyd olunur ki, "Qalatasaray"ın da maraq göstərdiyi Rafael Leao ilə bağlı "Fənərbağça" İdarə Heyətinin üzvü Cihan Kamer İtaliyaya gedərək həm "Milan", həm də futbolçunun nümayəndələri ilə görüş keçirib.
İddialara əsasən, İtaliya klubu futbolçunun transferi üçün 50 milyon avro tələb edir. "Fənərbağça" isə bu məbləği 40 milyon avroya endirməyə çalışır. Bildirilir ki, İstanbul klubu daha əvvəl Qrinvud transferində tətbiq etdiyi ödəniş modelindən bu transferdə də istifadə etməyi planlaşdırır.
Məlumata görə, "Fənərbağça" 40 milyon avroluq transfer məbləğinin dörd hissə ilə ödənilməsini təklif edib. Türkiyə klubunun hazırda "Milan"da illik xalis 7 milyon avro qazanan Rafael Leaoya illik 10 milyon avro zəmanətli maaş və əlavə 1 milyon avro bonus nəzərdə tutan müqavilə təklif etdiyi bildirilir.
İddialara görə, "Milan" bu şərtlərlə razılaşacağı təqdirdə portuqaliyalı futbolçu yaxın günlərdə İstanbula gələ bilər.
Xəbərdə vurğulanır ki, "Milan"ın Avstriyadakı təlim-məşq toplanışı başlamazdan əvvəl tərəflər prosesi yekunlaşdırmaq istəyirlər. Bu səbəbdən qarşıdakı 24 saatın danışıqların nəticəsi baxımından həlledici olacağı bildirilir.


