“Mançester Yunayted” hücum xəttini dünya səviyyəli bir ulduzla gücləndirmək məqsədilə “Qalatasaray”ın nigeriyalı hücumçusu Viktor Osimheni transfer siyahısının ilk sırasına yerləşdirib.
Demokrat.az xəbər verir ki, İngiltərə klubunun baş məşqçisi Maykl Karrikin təsdiq verdiyi bu transferdə futbolçunun İngiltərə Premyer Liqasında oynamaq istəyi həlledici amillərdən biri ola bilər.
“Mançester Yunayted”dakı uğurlu fəaliyyətdən sonra uzunmüddətli müqavilə imzalayan baş məşqçi Maykl Karrik yeni mövsüm öncəsi komandanın hədəflərini yüksəldib. Hücum xəttinə birbaşa töhfə verəcək dünya səviyyəli qolçu axtaran mütəxəssis diqqətini Türkiyəyə yönəldib.
“TEAMtalk”ın yaydığı məlumata görə, 27 yaşlı nigeriyalı hücumçu Viktor Osimhen karyerasında yeni addım atmağa və Avropanın ən güclü liqasında çıxış etməyə böyük həvəs göstərir. Futbolçunun İngiltərə Premyer Liqasında oynamaq arzusu transfer prosesində “Old Trafford” təmsilçisinin əlini gücləndirən əsas amil kimi qiymətləndirilir.
“Qalatasaray”ın heyətində göstərdiyi uğurlu çıxışı ilə seçilən Osimhenin klubla müqaviləsi 2029-cu ilə qədər qüvvədədir. İstanbul təmsilçisi futbolçunu asanlıqla buraxmaq niyyətində olmasa da, prosesi sakit şəkildə izləyir. Bildirilir ki, “Mançester Yunayted” transferi reallaşdırmaq üçün klub tarixinin rekord məbləğlərindən birini ödəməyə hazırdır.


