“Qalatasaray”ın argentinalı futbolçusu Mauro İkardi ilə keçmiş həyat yoldaşı Vanda Nara arasında davam edən boşanma prosesi yenidən gərginləşib.
Demokrat.az xəbər verir ki, İtaliyada keçirilən məhkəmə iclasından sonra sosial media hesabında paylaşım edən futbolçu keçmiş həyat yoldaşının aliment tələblərinin rədd edildiyini iddia edib.
Sevgilisi Çina Suares ilə birlikdə İtaliyaya yollanan Mauro İkardi bu səfər çərçivəsində Vanda Nara ilə bağlı boşanma məhkəməsində də iştirak edib. Məhkəmədən sonra şəxsi hesabında uzun açıqlama yayan futbolçu prosesdə baş verənləri izləyiciləri ilə bölüşüb.
İkardinin iddiasına görə, Vanda Nara boşanma işi çərçivəsində özü üçün aylıq 250 min avro, iki qızının hər biri üçün aylıq 65 min avro və boşanmaya görə əlavə olaraq aylıq 100 min avro tələb edib. Futbolçu bildirib ki, həmin tələblər 1 iyun 2026-cı ildə hakim tərəfindən rədd edilib, daha sonra verilən apellyasiya şikayəti də təmin olunmayıb.
Mauro İkardi bildirib ki, məhkəmə 27 iyul 2026-cı ildə yeni qərar qəbul edib: “İtaliya ədalətinin qərarı çox aydın idi. Tələbi qəbuledilməz hesab etdilər. Bununla da bütün müraciət və tələblərə son qoyuldu. Boşanma qərarının qüvvəyə minməsi üçün yalnız son bir addım qalıb".
İlk paylaşımından sonra daha bir açıqlama verən İkardi Vanda Naraya ünvanladığı sərt ifadələrlə diqqət çəkib.
"Kral piyadalarla mübahisə etməz, sadəcə yoluna davam edər" deyən futbolçu şahmat bənzətməsi edərək əlavə edib: "Taxtanı təpikləmə, çünki oyunun necə bitəcəyini hələ görməmisən".
İkardinin açıqlamaları sosial şəbəkələrdə geniş rezonans doğurub. Keçmiş cütlüyün boşanma prosesinin necə yekunlaşacağı isə maraqla izlənilir.
Jalə Demokrat.az


