İdman Özəl

""Qalatasaray"ın əsas hədəfi açıqlandı — Alternativ plan da müəyyənləşib

Qalatasarayın əsas hədəfi açıqlandı — Alternativ plan da müəyyənləşib

Türkiyənin "Qalatasaray" klubu yeni mövsüm öncəsi heyətini dünya səviyyəli "10 nömrə" ilə gücləndirməyə çalışır.

Demokrat.az xəbər verir ki, sarı-qırmızılıların əsas transfer hədəfinin "Mançester Yunayted"in kapitanı Bruno Fernandes olduğu bildirilir.

Türkiyə mətbuatının yaydığı məlumata görə, klub rəhbərliyi və məşqçilər korpusu hazırda Bruno Fernandesin "Mançester Yunayted"lə yeni müqavilə danışıqlarını yaxından izləyir. İddia olunur ki, 31 yaşlı portuqaliyalı futbolçu ilə İngiltərə təmsilçisi arasında hələlik razılıq əldə olunmayıb.

Məlumata əsasən, "Qalatasaray" futbolçunun gələcəyi ilə bağlı vəziyyətə aydınlıq gəldikdən sonra rəsmi addımlar atmağı planlaşdırır.

Hazırda Bruno Fernandesin transfer bazar dəyəri təxminən 32 milyon avro qiymətləndirilir. O, 2020-ci ilin yanvarında "Sportinq"dən "Mançester Yunayted"ə təxminən 65 milyon avro qarşılığında transfer olunub.

Xəbərə görə, Bruno Fernandes "Mançester Yunayted"lə yeni müqavilə imzalayacağı təqdirdə, "Qalatasaray" alternativ variant kimi "Real Madrid"in yarımmüdafiəçisi Brahim Diasa yönələcək.

26 yaşlı mərakeşli futbolçunun transfer bazar dəyəri təxminən 35 milyon avro qiymətləndirilir. Bildirilir ki, o, daha çox oyun praktikası əldə edə biləcəyi layihələrə müsbət yanaşa bilər.

Bəzi məlumatlarda Brahim Diasın baş məşqçi Xabi Alonsonun yeni mövsüm planlarında əsas seçimlərdən biri olmadığı iddia olunur. Bununla belə, bu barədə "Real Madrid" tərəfindən rəsmi açıqlama verilməyib.

"Qalatasaray" rəhbərliyinin yeni mövsümdə tətbiq olunacaq legioner qaydalarını və qarşıdan gələn dünya çempionatını nəzərə alaraq bu mövqeyə ediləcək transferdə risk etmək istəmədiyi bildirilir.

Jalə Demokrat.az

D
demokrat.az