İdman Özəl

Milyonlarla dollar qazanır, amma dərdi hamıdan böyükdür: Ulduz futbolçunun gizli saxladığı sirr

Milyonlarla dollar qazanır, amma dərdi hamıdan böyükdür: Ulduz futbolçunun gizli saxladığı sirr

2026-cı il FIFA Dünya Çempionatının qalibi olan İspaniya millisinin müdafiəçisi Mark Kukurelyanın uzun, qıvırcıq saçlarının arxasında duyğusal bir ailə hekayəsi dayanır.

Demokrat.az xəbər verir ki, illərdir azarkeşlərin "Kukurelya niyə saçlarını kəsmir?" sualına cavab futbolçunun həyat yoldaşı Klaudiya Rodriqesin iştirak etdiyi sənədli filmdə açıqlanıb.

Məlumata görə, futbolçunun böyük oğlu Mateo autizm spektr pozuntusu ilə yaşayır. Kukurelya saçlarını məhz oğlunun onu meydanda digər futbolçular arasından asanlıqla tanıya bilməsi üçün uzadıb. Futbolçu hesab edir ki, Mateo atasını uzaqdan görəndə özünü daha rahat və təhlükəsiz hiss edir.

Beləliklə, uzun saçlar Kukurelya üçün sadəcə fərqli görünüş deyil, övladına verdiyi mənəvi dəstəyin rəmzinə çevrilib.

Klaudiya Rodriqes sənədli filmdə bildirib ki, oğullarının inkişafının digər uşaqlardan fərqli olduğunu hələ erkən yaşlarında hiss ediblər.

"Mateo dünyaya gələndən sonra onun fərqli inkişaf etdiyini gördük. Lazımi dəstəyi almaq bizim üçün asan olmadı və həyatımızın ən ağır günlərini yaşadıq. Hər gün onu uşaq bağçasına aparıb geri qayıdanda ağlayırdıq. Gündəlik rejimin dəyişməsi, yeni mühitə uyğunlaşması, fərqli yeməklər yeməsi və ya terapiyanın təxirə salınması onun üçün çox çətindir. Buna görə də bütün həyatımızı onun ehtiyaclarına uyğun planlaşdırırıq. Bəzən öz istəklərimizdən də imtina edirik. Məsələn, tətilə getmək bizim üçün heç vaxt asan olmayıb."

Mark Kukurelya da övladının diaqnozunu qəbul etməyin valideynlər üçün çətin sınaq olduğunu bildirib.

"Həkim övladınızın autizmli olduğunu deyəndə buna hazır olmursunuz. Heç bir valideyn belə xəbərə psixoloji cəhətdən hazır ola bilməz. Həyat yoldaşımla birlikdə hər gün bu barədə yeni məlumatlar öyrənirik və oğlumuza daha yaxşı dəstək olmağa çalışırıq. Əslində isə Mateo bizə həyata fərqli baxmağı, səbirli olmağı və sevgini başqa cür yaşamağı öyrədib."

Qeyd edək ki, Mark Kukurelya və Klaudiya Rodriqes 2018-ci ildə tanış olublar. Cütlüyün Mateo, Rio və Bella adlı üç övladı var.

Futbolçunun karyerasında baş verən bütün mühüm mərhələlərdə – "Brayton", "Çelsi" və son olaraq "Real Madrid"ə keçidi zamanı Klaudiya Rodriqes onun ən böyük dəstəkçisi olub.

Bu gün milyonlarla azarkeş üçün Mark Kukurelyanın uzun saçları onun fərqləndirici xüsusiyyətidir. Lakin həmin saçların arxasında autizmli oğlunun atasını izdiham içində asanlıqla tanıya bilməsi üçün atılmış sevgi dolu bir addım dayanır.

Jalə

D
demokrat.az