Yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirən “Qalatasaray”ın heyətinə qatmaq istədiyi Can Uzunun transferi ilə bağlı mühüm irəliləyiş əldə olunub.
Demokrat.az xəbər verir ki, İstanbul təmsilçisinin futbolçunun çıxış etdiyi “Ayntraxt Frankfurt”la apardığı danışıqlarda həlledici mərhələyə yaxınlaşdığı bildirilir.
Yeni mövsüm üçün heyətin formalaşdırılmasını davam etdirən “Qalatasaray” gənc milli futbolçu Can Uzunun transferini əsas prioritetlərdən biri hesab edir. Klubun Almaniya təmsilçisi “Ayntraxt Frankfurt”la apardığı danışıqlarda əhəmiyyətli irəliləyiş əldə etdiyi qeyd olunur.
Məlumata görə, tərəflər arasında aparılan danışıqlarda müəyyən razılaşmalar əldə olunub. Yekun müqavilə hələ imzalanmasa da, prosesin müsbət istiqamətdə davam etdiyi və yaxın günlərdə növbəti görüşün keçirilməsinin planlaşdırıldığı bildirilir.
Həmin görüşdən sonra transferin taleyinə aydınlıq gələcəyi gözlənilir.
“Qalatasaray” rəhbərliyi bu transferə xüsusi önəm verir. Klub prezidenti Dursun Özbekin prosesi şəxsən izlədiyi, baş məşqçi Okan Burukun isə 20 yaşlı Can Uzunun transferi ilə bağlı rəhbərliyə müsbət rəy verdiyi bildirilir.
Okan Burukun həm “10 nömrə” mövqeyində, həm də cinahlarda çıxış edə bilən Can Uzunun hücum xəttinə keyfiyyət və alternativ qazandıracağına inandığı qeyd olunur.
Avropadakı çıxışı ilə diqqət çəkən gənc futbolçu texniki bacarığı, oyun intellekti və məhsuldarlığı ilə Türkiyə futbolunun ən perspektivli oyunçularından biri hesab edilir.
“Qalatasaray” rəhbərliyi bu transferi təkcə cari mövsüm üçün deyil, həm də klubun uzunmüddətli planlarının mühüm hissəsi kimi qiymətləndirir.
“Sarı-qırmızılılar”ın “Ayntraxt Frankfurt”la keçiriləcək növbəti görüşün müsbət nəticələnəcəyi təqdirdə transferi qısa müddətdə rəsmiləşdirməyi hədəflədiyi bildirilir.
Məlumata görə, rəhbərlik Okan Burukun heyətində görmək istədiyi Can Uzunu yeni mövsümə hazırlıq prosesi başa çatmamış komandaya cəlb etmək üçün bütün imkanlarını səfərbər edib.


