UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda Polşa təmsilçisi "Qurnik Zabrje"ni 1:0 hesabı ilə məğlub edərək mövsümə qələbə ilə başlayan "Fənərbağça" transfer çalışmalarını da sürətlə davam etdirir.
Demokrat.az xəbər verir ki, hücum xəttini gücləndirməyi hədəfləyən İstanbul təmsilçisinin İtaliya A Seriyasının "Fiorentina" klubunda çıxış edən 26 yaşlı hücumçu Moise Keanı heyətinə qatmaq üçün təşəbbüs göstərdiyi bildirilir.
Mənbənin məlumatına görə, hücumçu transferini əsas prioritet hesab edən klub rəhbərliyi Moise Keanı transfer etmək üçün ilkin təmaslar qurub. "Fiorentina"dan ayrılmağa müsbət yanaşdığı bildirilən italiyalı futbolçu müntəzəm oyun praktikası qazana biləcəyi komandaya keçmək istəyir və "Fənərbağça"nın marağını da müsbət qiymətləndirir. İlkin danışıqlardan sonra əldə olunan məlumatlar texniki heyətə təqdim edilib.
2029-cu ilin iyun ayınadək "Fiorentina" ilə müqaviləsi olan və transfer dəyəri 32 milyon avro qiymətləndirilən Moise Kean barədə son qərarı baş məşqçi İsmayıl Kartal verəcək. Təcrübəli mütəxəssis məşqçilər korpusu ilə birlikdə aparacağı ətraflı təhlildən sonra hazırlayacağı hesabatı klub rəhbərliyinə təqdim edəcək və növbəti addımlar həmin rəy əsasında müəyyənləşdiriləcək.
"Fənərbağça" rəhbərliyi İsmayıl Kartalın razılığından sonra "Fiorentina" ilə rəsmi danışıqlara başlamağı və transferi Türkiyə Super Liqası mövsümü başlamazdan əvvəl yekunlaşdırmağı planlaşdırır.
Cəmi 26 yaşı olmasına baxmayaraq, Moise Kean zəngin karyeraya malikdir. O, Karlo Ançelotti, Tomas Tuxel, Rafael Benites, Raffaele Palladino, Stefano Pioli, Maurisio Poçettino və Massimiliano Alleqri kimi tanınmış baş məşqçilərlə işləyib.
Əsas mövqeyi mərkəz hücumçusu olan Moise Kean zərurət yarandıqda hər iki cinahda da çıxış edə bilir. Hər iki ayağından səmərəli istifadə edən futbolçu cərimə meydançasında qol epizodlarını dəqiq tamamlaması ilə seçilir.
"Yuventus" akademiyasının yetirməsi olan Moise Kean Turin klubunun əsas komandasında keçirdiyi 122 rəsmi oyunda 22 qol vurub və 4 məhsuldar ötürmə verib.
Karyerasının ən məhsuldar dövrünü isə "Fiorentina"da keçirən italiyalı hücumçu bu komandanın heyətində 77 rəsmi oyunda 34 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.


