İdman Özəl

Qələbə İspaniyaya nə qazandırdı? — Milyonlarla dollar və milyardlarla avroluq iqtisadi effekt

Qələbə İspaniyaya nə qazandırdı? — Milyonlarla dollar və milyardlarla avroluq iqtisadi effekt

İspaniya millisinin futbol üzrə dünya çempionatının finalında Argentinaya qalib gələrək ikinci dəfə dünya çempionu olması ölkəyə yalnız idman baxımından deyil, maliyyə baxımından da böyük üstünlüklər qazandırıb.

Demokrat.az xəbər verir ki, final qarşılaşmasının əlavə vaxtında Ferran Torresin vurduğu həlledici qol sayəsində əldə edilən çempionluq nəticəsində İspaniya Futbol Federasiyası FIFA tərəfindən 50 milyon dollar (təxminən 43,7 milyon avro) məbləğində mükafat alacaq. Bu vəsait 48 komandanın iştirak etdiyi mundial üçün ayrılmış 655 milyon dollarlıq mükafat fondunun tərkib hissəsidir.

Federasiya bildirir ki, əldə olunan gəlirin bir hissəsi futbolçular və məşqçilər korpusu arasında bölüşdürüləcək. Qalan vəsait isə ölkədə futbolun inkişafı, infrastruktur layihələri və təşkilati xərclərin maliyyələşdirilməsinə yönəldiləcək.

Mütəxəssislər hesab edirlər ki, dünya çempionluğu İspaniya iqtisadiyyatına da müsbət təsir göstərəcək. Aberdin Universitetinin iqtisadçısı Marko Mellonun araşdırmasına görə, mundialın qalibi olan ölkələrin ümumi daxili məhsulu finaldan sonrakı iki rüb ərzində orta hesabla 0,48 faiz artır.

"Freedom24 Iberia" şirkətinin rəhbəri Pedro Santa Kruzun hesablamalarına əsasən, bu göstərici İspaniyanın 1,69 trilyon avroluq iqtisadiyyatına tətbiq edildikdə təxminən 4 milyard avro həcmində əlavə iqtisadi dəyər yarana bilər.

Ekspertlər bildirirlər ki, dünya çempionluğu ölkənin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, məhsul və xidmətlərinin tanıtımına da müsbət təsir göstərir. Bunun nəticəsində ixracın artım tempinin 5-6 faiz yüksəlməsi ehtimal olunur.

Turnir müddətində daxili bazarda da canlanma müşahidə edilib. "Square" platformasının məlumatına görə, İspaniyanın qrup oyunları zamanı bar və restoranlarda əməliyyatların həcmi orta hesabla 36 faiz artıb. Sevilyada isə bu göstərici 66 faizə yüksəlib.

Madriddə keçirilən çempionluq paradına bir milyondan çox azarkeşin qatılması da ticarət və xidmət sektorunda iqtisadi fəallığı artıran amillərdən biri olub.

Bununla yanaşı, iqtisadçılar qeyd edirlər ki, belə uğurlar iqtisadiyyata müsbət impuls versə də, struktur problemləri aradan qaldırmaq üçün kifayət etmir. Buna nümunə kimi İspaniyanın 2010-cu ildə qazandığı dünya çempionluğundan sonra ölkədə işsizlik və iqtisadi çətinliklərin davam etməsi göstərilir.

Jalə

D
demokrat.az