"Qalatasaray" yay transfer dövrünün ən səs-küylü keçidlərindən birini reallaşdırmaq üçün hərəkətə keçib. İstanbul təmsilçisinin "Mançester Yunayted"in portuqaliyalı yarımmüdafiəçisi Bruno Fernandesi heyətinə cəlb etmək məqsədilə danışıqları sürətləndirdiyi bildirilir. Transfer prosesinə baş məşqçi Okan Burukun da şəxsən qoşulacağı qeyd olunur.
Demokrat.az xəbər verir ki, futbolçunun nümayəndələri ilə aparılan danışıqlarda müəyyən irəliləyiş əldə olunduğu bildirilir. Məlumata görə, yaxın günlərdə Okan Burukun Bruno Fernandeslə videobağlantı vasitəsilə görüş keçirməsi planlaşdırılır.
Görüş zamanı Burukun ulduz yarımmüdafiəçiyə "Qalatasaray"ın hədəflərini, UEFA Çempionlar Liqasındakı planlarını və komandada onun üçün nəzərdə tutulan rolu ətraflı izah edəcəyi qeyd olunur. Bildirilir ki, bu danışıq transferin taleyində həlledici rol oynaya bilər.
"Mançester Yunayted" 60 milyon avro tələb edir
İngiltərə mətbuatının yazdığına görə, "Mançester Yunayted" ilkin olaraq Bruno Fernandes üçün 60 milyon avro tələb etsə də, bu məbləğin aşağı salına biləcəyi istisna edilmir. "Qalatasaray" isə futbolçu üçün təxminən 35 milyon avro məbləğində transfer haqqı ödəməyi planlaşdırır.
31 yaşlı portuqaliyalı yarımmüdafiəçi Mauro İkardinin ayrılmasından sonra İstanbul klubunun əsas transfer hədəflərindən birinə çevrilib. Sponsor dəstəyi hesabına təklifin artırılması ehtimalı da nəzərdən keçirilir.
Okan Buruk futbolçu ilə görüşəcək
Klub rəhbərliyi Okan Burukun Bruno Fernandeslə keçirəcəyi videobağlantı görüşündən sonra transfer istiqamətində daha konkret addımlar atmağı planlaşdırır. "Qalatasaray" bu transferi reallaşdırmaqla həm Türkiyə Super Liqasında, həm də Avropa turnirlərində heyətini gücləndirməyi hədəfləyir.
Musiala variantı da gündəmdədir
Məlumata görə, "Bavariya"nın və Almaniya futbolunun istedadlı oyunçularından hesab edilən Camal Musiala menecerlər vasitəsilə "Qalatasaray"a təklif olunub. Bildirilir ki, futbolçunu icarə əsasında komandaya cəlb etmək mümkündür.
Ötən mövsüm ağır zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalan Musialanın, həmçinin Saibari transferindən sonra komandadakı mövqeyinin zəiflədiyi qeyd olunur. Buna baxmayaraq, "Qalatasaray" hələlik bu təkliflə bağlı qəti qərar verməyib.
+4 legioner kvotasına uyğundur
Sarı-qırmızılılar hazırda əsas diqqəti Bruno Fernandes transferinə yönəltdikləri üçün Musiala variantına ehtiyatla yanaşırlar. Bununla belə, 2003-cü il təvəllüdlü futbolçunun +4 legioner kvotasına uyğun gəlməsi onun üstünlüklərindən biri kimi qiymətləndirilir.
Can Uzun variantı gündəmdə qalır
"Qalatasaray" xarici "10 nömrə" transferini reallaşdırsa belə, Can Uzun variantından imtina etməyi düşünmür.
Okan Buruk daha əvvəl "Tivibu Spor"a açıqlamasında "10 nömrə" mövqeyi üçün birdən çox transfer edilə biləcəyinə işarə etmiş, hücum xəttində müxtəlif mövqelərdə oynaya bilən universal futbolçulara üstünlük verdiklərini bildirmişdi.
Məlumata görə, Burukun nəzərdə tutduğu futbolçulardan biri də 21 yaşlı Türkiyə millisinin üzvü Can Uzundur. O, "10 nömrə" ilə yanaşı, sol cinah və ikinci hücumçu mövqelərində də çıxış edə bilir.
Can Uzun üçün 35 milyon avro ayrıldığı iddia olunur
Yerli futbolçu keyfiyyətini artırmaq istəyən "Qalatasaray" rəhbərliyinin Can Uzunun transferi üçün 35 milyon avroluq büdcə ayırmağa hazır olduğu bildirilir. Klubun transferi reallaşdırmaq üçün bütün imkanlarını səfərbər edəcəyi qeyd olunur.


