2026-cı il dünya çempionatının yarımfinalında İngiltərəni 2:1 hesabı ilə məğlub edərək finala yüksələn Argentina millisi FIFA tərəfindən cəzalandırıla bilər.
Demokrat.az xəbər verir ki, ABŞ-ın Atlanta şəhərində keçirilən oyundan sonra qələbəni qeyd edən argentinalı futbolçular Covani Lo Çelso və Nikolas Otamendi tribunadan götürdükləri pankartı meydanın mərkəzində açaraq azarkeşlərə nümayiş etdiriblər.
Pankartda "Las Malvinas son Argentinas" ("Malvin (Folklend) adaları Argentinaya məxsusdur") sözləri yazılıb. Məhz bu ifadə siyasi məzmun daşıdığı üçün FIFA-nın araşdırmasına səbəb ola bilər.
Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) və FIFA-nın qaydalarına əsasən, stadionlarda siyasi məzmunlu şüarların, pankartların və simvolların nümayiş etdirilməsi qadağandır. Qarşılaşmanın hakimləri və FIFA nümayəndələrinin hesabatı araşdırıldıqdan sonra hadisə siyasi aksiya kimi qiymətləndirilərsə, Argentina Futbol Assosiasiyasına qarşı intizam tədbirləri görülə bilər.
Bu, Argentinanın ilk belə hadisəsi deyil. FIFA 2014-cü ildə Sloveniya ilə keçirilən yoldaşlıq oyunundan əvvəl futbolçuların eyni məzmunlu pankart nümayiş etdirməsinə görə Argentina Futbol Assosiasiyasını 20 min funt sterlinq məbləğində cərimələmişdi.
Qeyd edək ki, Argentina millisi iyulun 19-da dünya çempionatının finalında İspaniya yığması ilə qarşılaşacaq.


