"Qalatasaray" yeni mövsümdə ardıcıl beşinci Türkiyə çempionluğunu qazanmaq və UEFA Çempionlar Liqasında uğurlu çıxış etmək məqsədilə transfer çalışmalarını davam etdirir. İstanbul təmsilçisi xüsusilə "10 nömrə" mövqeyini gücləndirməyi prioritet hesab edir.
Demokrat.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, Dris Mertensin komandadan ayrılmasından sonra yaranan boşluğu doldurmaq üçün "Qalatasaray"ın maraq dairəsinə "Mançester Siti"nin futbolçusu Fil Foden daxil olub.
Hazırda bazar dəyəri təxminən 70 milyon avro qiymətləndirilən 26 yaşlı ingilis futbolçunun klubu ilə müqaviləsinin son ilinə qədəm qoyduğu və ötən mövsüm istədiyi qədər oyun şansı əldə etmədiyi üçün ayrılmağa müsbət yanaşdığı iddia olunur.
İngiltərə mətbuatının yazdığına görə, Fil Fodenlə yalnız "Qalatasaray" deyil, Avropanın bir sıra aparıcı klubları da maraqlanır. Transferin maliyyə baxımından çətin görünməsinə baxmayaraq, "Qalatasaray" rəhbərliyinin bu keçidi reallaşdırmaq üçün bütün imkanları səfərbər etməyə hazır olduğu bildirilir.
Məlumata əsasən, klub prezidenti Dursun Özbək transfer danışıqlarını aparan menecer Corc Qardiyə bu əməliyyat üçün tam səlahiyyət verib. Bildirilir ki, Fodenin namizədliyi də ilk dəfə məhz Qardi tərəfindən rəhbərliyə təqdim edilib.
"Qalatasaray"ın "10 nömrə" mövqeyi üçün siyahısı yalnız Fil Fodenlə məhdudlaşmır. "Mançester Yunayted"in kapitanı Bruno Fernandeş, "Ayntraxt Frankfurt"un futbolçusu Can Uzun və Paraqvay millisinin üzvü Xulio Ensiso da namizədlər arasında yer alır.
Hazırda transfer hüquqları "Strasburq"a məxsus olan 22 yaşlı Ensisonun legioner limiti baxımından komandaya uyğun hesab edilməsi klub üçün mühüm üstünlük kimi qiymətləndirilir.
Jalə Demokrat.az


