"Qalatasaray" yay transfer pəncərəsində ilk transferini rəsmiləşdirməyə hazırlaşır. "Sarı-qırmızılı" klubun heyətinə qatılacaq futbolçunun bütün hazırlıqları tamamlanıb.
Demokrat.az xəbər verir ki, "Qalatasaray" Türkiyə Super Liqasındakı əsas rəqiblərindən fərqli olaraq indiyədək transfer bazarında sakit mövqe tutmuşdu. Bir sıra futbolçularla danışıqlar aparan İstanbul təmsilçisi nəhayət ilk transferini başa çatdırmağa yaxındır.
Klub daha əvvəl Lesli Uqoçukvu ilə razılığa gəlsə də, onun klubu "Barnli" ilə yekun razılıq əldə edə bilməmişdi. Rəhbərlik həftəsonu İngiltərə təmsilçisi ilə intensiv danışıqlar apararaq razılığa nail olub.
Premyer Liqadan aşağı liqaya düşən "Barnli" "Qalatasaray"ın satınalma şərtli icarə təklifini qəbul edib. Klublar arasında razılıq əldə olunduqdan sonra Lesli Uqoçukvu hazırlıqlarını tamamlayıb və yaxın vaxtlarda İstanbula yollanacağı bildirilir.
Transferin maliyyə şərtləri hələ rəsmi açıqlanmasa da, iddialara görə, "Qalatasaray" "Barnli"yə 3 milyon avro məbləğində imza haqqı ödəyəcək. Satınalma opsiyasının isə 25 milyon avro olacağı bildirilir. Razılaşmaya əsasən, 22 yaşlı yarımmüdafiəçi mövsüm ərzində 25 oyunda iştirak edərsə, satınalma opsiyası məcburi şəkildə qüvvəyə minəcək.
Lesli Uqoçukvu baş məşqçi Okan Burukun mərkəz yarımmüdafiəsi üçün əsas namizədlərindən biri idi. Təcrübəli mütəxəssis futbolçunun atletik xüsusiyyətlərini, mübariz oyun tərzini və yeni legioner qaydalarında +4 kontingentinə uyğun gəlməsini nəzərə alaraq onu transfer siyahısında ön sıralara daxil etmişdi.
Nigeriya əsilli olan və bu ölkənin vətəndaşlığına da malik Lesli Uqoçukvu" 2021-ci ildə "Renn"in əsas komandasında debüt edib. O, 2023-cü ildə 27 milyon avro qarşılığında "Çelsi"yə transfer olunub. 2024–2025 mövsümünü icarə əsasında "Sautqempton"da keçirən futbolçu ötən yay təxminən 29 milyon avroya "Barnli"yə keçib.


