Hava Özəl

"Nə kimsə süni şəkildə yağış yaradır, nə də havanı soyudur, qızdırır"

Nə kimsə süni şəkildə yağış yaradır, nə də havanı soyudur, qızdırır

Azərbaycanda iyul ayı bu il yağışlı hava ilə başlayır. Sinoptiklərin proqnozuna əsasən, iyulun ilk günündə ölkənin əksər rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə isə şimşək çaxacağı gözlənilir. Yayın ən isti aylarından sayılan iyulun yağışla başlaması diqqət çəkib. Adətən yüksək temperatur və quraq hava ilə xarakterizə olunan bu ayda müşahidə edilən yağıntılar "İyulun yağışla başlaması nə qədər normal haldır?" sualını gündəmə gətirir. Bəs son illərdə iqlim dəyişikliklərinin daha qabarıq hiss olunduğu şəraitdə bu cür hava dəyişiklikləri hansı amillərlə bağlıdır?

Bu barədə Demokrat.az-a açıqlama verən "Biosfer" İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli bildirib ki, iyulun yağışla başlamasını, eləcə də Bakıda və bəzi rayonlarda müşahidə olunan yağıntılı hava şəraitini normal qiymətləndirmək olar:

Nə kimsə süni şəkildə yağış yaradır, nə də havanı soyudur, qızdırır

"Açığı, iyul ayında yağıntıların müşahidə olunmasına müəyyən mənada sevinmək də lazımdır. İyun ayında olduğu kimi, iyul da yağışla başladı. Adətən hava həddindən artıq isti olanda narazılıq edir, istidən şikayətlənirik. Hava nisbətən sərin keçəndə isə bunu anomaliya kimi qiymətləndiririk. Halbuki təbiətdə baş verən proseslərə bu cür yanaşmaq düzgün deyil. Nə kimsə süni şəkildə yağış yaradır, nə də havanı xüsusi olaraq soyudur və ya qızdırır".

Ekoloq qeyd edib ki, hazırda yay fəslidir və bu mövsümdə belə hava dəyişikliklərinin baş verməsi normaldır:

"Əgər iyul ayında, məsələn, Bakı şəhərinə və ya Kürdəmirə qar yağsaydı, bunu anomal hal adlandırmaq olardı. Amma hazırkı şəraitdə havanın temperaturunun əvvəlki illərin eyni dövrü ilə müqayisədə bir qədər aşağı olması və havanın nisbətən sərin keçməsi tamamilə normaldır. Belə hava dəyişikliklərini təbii proses kimi qəbul etmək lazımdır."

Qısası, yay aylarında havanın qısamüddətli sərinləşməsi və yağış yağması iqlim norması daxilində olan təbii prosesdir.

Leyla Turan

D
demokrat.az