Avropada rekord istilərlə bağlı yayılan videolar sosial şəbəkələrdə geniş müzakirə olunur. Bəzilərində işıqforların, yol nişanlarının, hətta dəmir relslərinin əridiyi iddia edilir. Bu görüntülər nə dərəcədə realdır və insanlar belə ekstremal temperaturda necə həyatlarını davam etdirirlər?
Mövzu ilə bağlı ekoloq Sadiq Həsənov Demokrat.az-a bildirib ki, həmin görüntülər süni intellekt vasitəsilə hazırlanıb:
"Çünki dəmirin ərimə temperaturu 1537 dərəcədir. Belə temperaturda insanın özü belə sağ qala bilməz. Ona görə də dəmirin əriməsi ilə bağlı iddialar şişirdilib. Ancaq havanın temperaturu həqiqətən yüksəkdir. Bu isə Azərbaycan üçün xarakterik haldır. Məsələn, biz 41-42 dərəcə isti havanın şahidi olmuşuq. Həddindən artıq isti olur. Hazırda Avropa da həmin istiləri yaşayır. Bunun əsas səbəbi isə qitə üzərində formalaşan yüksək təzyiq sahəsidir. Yüksək temperatur, güclü buxarlanma və yüksək təzyiq nəticəsində Avropa üzərində sanki qübbə yaranıb. Bu vəziyyət bir müddətdir davam edir və havanın soyumasına imkan vermir".
Ekspert deyib ki, xüsusilə Afrikadan daxil olan isti hava axınları temperaturun daha da yüksəlməsinə səbəb olub:
"Azərbaycan da artıq iyul ayına daxil olur. Yayın ən isti dövrü başladığı üçün havaların isti keçəcəyi gözlənilir. Düzdür, iyun ayında da Azərbaycanda xarakterik olmayan isti hava dalğası uzun müddət davam etdi. İndi isə bu proses yenidən təkrarlana bilər. Xəzər dənizinin səthində suyun qızması buxarlanmanı artırır və müəyyən müddət istiləşmə effekti yarada bilər. Bu da havaların isti keçməsinə təsir edən amillərdən biridir. Avropada müşahidə olunan istiləşmənin Azərbaycana da təsir edəcəyi gözlənilir", - deyə o qeyd edib.


