"Beşiktaş" yeni mövsüm öncəsi heyətini gücləndirmək məqsədilə yarımmüdafiə xəttinə transfer axtarışlarını davam etdirir.
Demokrat.az xəbər verir ki, İstanbul təmsilçisinin gündəminə bu dəfə "Barselona"nın gənc futbolçusu Mark Kasado daxil olub.
İspaniyalı jurnalist Canluici Lonqarinin məlumatına görə, "Barselona"nın 22 yaşlı yarımmüdafiəçisi Mark Kasadonun transferi ilə bağlı portuqaliyalı menecer Jorje Mendeş fəaliyyətə başlayıb. Bildirilir ki, Mendeş futbolçunu təklif etdiyi klublar arasında "Beşiktaş" da yer alır.
Məlumata əsasən, Səudiyyə Ərəbistanı klubları da Kasadonun transferi üçün Jorje Mendeşlə əlaqə saxlayıb.
Texniki bacarığı, top qazanmaq qabiliyyəti və oyunu oxuma xüsusiyyətləri ilə seçilən gənc yarımmüdafiəçi ötən mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə 34 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
"Beşiktaş" rəhbərliyinin Jorje Mendeşin təklif etdiyi bu variantı yaxından dəyərləndirdiyi bildirilir. Transferin taleyinə yaxın günlərdə aydınlıq gəlməsi gözlənilir.
Jalə Demokrat.az


