"Qalatasaray" ilə Mauro İkardi arasında yeni müqavilə danışıqları dalana dirənib. Argentinalı hücumçu ilə bağlı klubun yekun qərarı verilib.
Demokrat.az Türkiyə mediasına istinadən xəbər verir ki, dörd mövsüm əvvəl "Qalatasaray"a transfer olunan və göstərdiyi uğurlu performans sayəsində klubun yadda qalan futbolçularından birinə çevrilən, azarkeşlərin sevimlisi olan Mauro İkardinin müqaviləsi yaxın günlərdə rəsmi olaraq başa çatacaq.
Argentinalı ulduzla "Qalatasaray" arasında yeni müqavilə ilə bağlı danışıqlar aparılsa da, tərəflər şərtlər üzrə ortaq məxrəcə gələ bilməyiblər. Nəticədə danışıqlar dalana dirənib və futbolçunun gələcəyi ilə bağlı yekun qərar qəbul edilib.
"Sarı-qırmızılılar" müqavilə müddəti başa çatan argentinalı futbolçuya 1+1 illik yeni müqavilə təklif edib. Klub futbolçunun illik 10 milyon avroluq maaşını 3-4 milyon avro səviyyəsinə endirməyi, bunun əvəzində isə yüksək məbləğdə performans bonusları verməyi təklif edib.
Məlumata görə, "Qalatasaray" İkardiyə yeni təklif təqdim etməyəcək. Təcrübəli hücumçunun karyerasını vətəni Argentinada və ya İtaliyada davam etdirməsi ehtimalı yüksək qiymətləndirilir.
Mauro İkardi ötən mövsüm "Qalatasaray"ın heyətində bütün turnirlər daxil olmaqla 47 rəsmi oyunda iştirak edib, 16 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Jalə Demokrat.az


