Gündəm

Məhkəməsi təxirə salınan "Arzum"dan ilk açıqlama — VİDEO

Məhkəməsi təxirə salınan Arzumdan ilk açıqlama — VİDEO

Xəbər verdiyimiz kimi, avtomobil qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə tiktokerin vəkilləri Hikmət Əliyev və Fərid Həsənov gəlmədikləri üçün məhkəmə təxirə salınıb. Məhkəmənin yekun iclası iyulun 2-nə təyin edilib.

Demokrat.az xəbər verir ki, İlduzə Hacıyeva məhkəmə prosesindən sonra açıqlama verib. O, açıqlamasında bunları deyib:

"Məhkəməmiz təxirə salındı. İnşallah ədalətli qərar veriləcək. 4 övladım var, hamısı mənim himayəmdədir. Bir oğlum autizm xəstəsidir. Sadəcə istəyirəm ki, məhkəməm ciddi nəzarətə götürülsün. Günahsız olduğumu sübut edə bilim".

Xatırladaq ki, dövlət ittihamçısı Nərmin Tahirzadə ittiham nitqi ilə çıxış edərək məhkəmədən "Arzum"un 3 il sürücülük hüququndan məhrum edilməsi və məhkəmə zalından həbs olunmaqla 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Onu da qeyd edək ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən bir nəfər ölüb, digəri isə ağır xəsarət alıb. İstintaq dövründə bloqer "Arzum" barəsində "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri seçilib.

Jalə Demokrat.az

D
demokrat.az