"Fənərbağça"da baş məşqçi İsmayıl Kartalın rəhbərliyi altında yeni mövsümə hazırlıq işləri davam edir. Yeni transferlərlə birlikdə müqaviləli futbolçuların sayı 40-a çatan İstanbul təmsilçisi heyətdə ciddi ixtisarlara hazırlaşır. Klubun futbol komitəsi 17 oyunçu ilə yollarını ayırmağı planlaşdırır.
Demokrat.az xəbər verir ki, yeni mövsüm hazırlığı yalnız transferlərlə məhdudlaşmır. Sarı-göylü rəhbərlik həm yeni futbolçuların cəlb olunmasına, həm də mövcud heyətin sayının azaldılmasına diqqət yetirir.
İcarə müqavilələrinin başa çatmasından sonra bir sıra futbolçuların komandaya qayıtması və Vedat Muriqi transferinin tamamlanması ilə əsas komanda üçün nəzərdə tutulan oyunçu sayı 40-a yüksəlib. Məlumata görə, rəhbərlik transfer pəncərəsinin qalan hissəsində ən azı daha beş futbolçunu heyətə qatmağı planlaşdırır.
Planlaşdırılan transferlər də baş tutarsa, "Fənərbağça"nın əsas komandasındakı futbolçuların sayı 45-ə qədər arta bilər. Lakin Türkiyə Futbol Federasiyasının 28 nəfərlik heyət qeydiyyatı qaydası səbəbindən klubun ciddi heyət yenilənməsinə getməsi zəruri hesab olunur. Bu səbəbdən rəhbərliyin transfer prosesinin tamamlanmasından sonra ən azı 17 futbolçu ilə yollarını ayırmağı hədəflədiyi bildirilir.
Ayrılıq siyahısında ilk növbədə məşqçilər korpusunun yeni mövsüm planlarında nəzərdə tutmadığı və kluba yüksək maliyyə yükü yaradan oyunçuların yer aldığı qeyd olunur. Bu çərçivədə bəzi futbolçuların menecerləri ilə danışıqlara başlanıldığı, transfer və ya icarəyə göndərilmə variantlarının nəzərdən keçirildiyi və ayrılıq prosesinin sürətləndirilməsinin məqsəd qoyulduğu vurğulanır.
"Fənərbağça" rəhbərliyi transfer fəaliyyətini və heyətin yenidən formalaşdırılmasını paralel şəkildə həyata keçirərək yeni mövsümün əsas komandasını qısa müddətdə müəyyənləşdirməyi planlaşdırır. Sarı-göylülərin əsas məqsədi avqustun 14-dək məşqçilər korpusunun istədiyi heyəti formalaşdırmaq və Türkiyə Futbol Federasiyasının heyət qeydiyyatı tələblərinə uyğun siyahını tamamlamaqdır.
Jalə Demokrat.az


