Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella istefası ilə bağlı səslənən çağırışlara qəti münasibət bildirib.
Demokrat.az xəbər verir ki, ABŞ-la keçiriləcək oyundan əvvəl təşkil olunan mətbuat konfransında italiyalı mütəxəssis vəzifəsindən ayrılmaq niyyətində olmadığını açıqlayıb.
Montella bildirib ki, onun istefasını istəyənlər bu qərarın verilməyəcəyini qəbul etməlidirlər. O, Türkiyə millisini ardıcıl olaraq həm Avropa çempionatına, həm də dünya çempionatına çıxardığını xatırladaraq, hələ də yüksək motivasiyaya malik olduğunu vurğulayıb.
Baş məşqçi Türkiyə Futbol Federasiyasının rəhbərliyinin və futbolçuların dəstəyini hiss etdiyini, buna görə də işini davam etdirməkdə qərarlı olduğunu qeyd edib. Montella prezident və futbolçular əks fikir bildirməyənə qədər bütün gücü ilə komandaya rəhbərlik edəcəyini deyib.
Son uğursuz nəticələrə baxmayaraq, mütəxəssis görülən işlərin və əldə olunan nailiyyətlərin gözdən salınmamalı olduğunu bildirib. O, milli komandanın gələcəkdə daha güclü nəticələr əldə edə biləcəyinə inandığını və vəzifəsindən istefa verməyəcəyini bir daha təkrarlayıb.
Qeyd edək ki, Türkiyə millisi dünya çempionatının ilk iki oyununda Avstraliya və Paraqvaya uduzub. Komdan son matçını sabah ABŞ-a qarş keçirəcək.
Jalə Demokrat.az


