İdman Özəl

2026 Dünya Çempionatında hansı komandalar özünü doğrultmadı?

2026 Dünya Çempionatında hansı komandalar özünü doğrultmadı?

2026 Dünya Çempionatının qrup mərhələsində bəzi komandalar gözləniləndən zəif çıxış edərək azarkeşlərini məyus edib. Turnirin favoritləri və sürpriz namizədləri sırasında göstərilən bir sıra yığmalar hələlik ümidləri doğrulda bilmir. Bəs mundialın ilk mərhələsində ən çox hansı komandaların performansı sual doğurur?

Mövzu ilə bağlı tanınmış idman jurnalisti, “rekord.az” saytının baş redaktoru Kənan Məstəliyev Demokrat.az-a bildirib ki, gözləntiləri doğrultmayan ilk komanda Türkiyə oldu:

"Çox təəssüf ki, qardaş ölkənin yığması ilk iki oyunda məğlub olaraq yarışı dayandıran ilk komandalardan biri oldu. Bu, məyusedicidir, çünki komandanın həqiqətən də böyük potensialı var idi. Heyətində Hakan Çalhanoğlu, Arda Gülər, Kənan Yıldız kimi futbolçuların yer aldığı komandanın birdən-birə belə vəziyyətə düşməsi, özü də nisbətən zəif rəqiblərə qarşı bir xal belə qazana bilməməsi həqiqətən də üzücü idi. Bu, həm də Türkiyə millisinin uzun illərdir davam edən probleminin növbəti təzahürü oldu. Rəqibləri lazımınca qiymətləndirməmələri, özlərini daha üstün görmələri və rəqibləri rahatlıqla məğlub edəcəklərini düşünmələri komandaya yenə mane oldu. Məşqçi heyəti də rəqibləri düzgün təhlil etməmiş, oyun planını lazımi şəkildə qurmamışdı və nəticədə komanda turnirlə erkən vidalaşdı".

O deyib ki, əgər komandalar arasında gözləntiləri ciddi şəkildə doğrultmayan böyük yığmaların olduğunu deməzdim:

"Bəzi uğursuz nəticələr var, amma vəziyyət hələ kritik deyil. Çünki onların əksəriyyətinin qrupdan çıxmaq şansı qalır. Məsələn, Belçika millisinin ilk iki oyunda iki heç-heçə etməsi gözlənilməz oldu. Komandanın güclü heyəti və keyfiyyətli futbolçuları var. Belçika qatıldığı demək olar ki, hər turnirdə favoritlər sırasında göstərilir. Buna görə də ilk iki oyundan cəmi iki xal toplaması sürpriz sayılmalıdır. Ekvadoru da qeyd edərdim. Komanda Cənubi Amerika seçmə mərhələsində Argentinadan sonra ikinci yeri tutaraq iddiasını ortaya qoymuşdu. Dünya çempionatında favoritlər üçün ciddi problem yaradacağı gözlənilirdi, amma hələlik bu təsiri göstərə bilmir. Ekvador müdafiə oyunu ilə seçilsə də, hücum xəttində müəyyən problemlər yaşayır və istədiyi nəticələri əldə edə bilmir. Buna görə də onların çıxışı bir tərəfdən gözlənilən, digər tərəfdən isə gözlənilməz görünür. Çünki Cənubi Amerika zonasında ikinci yeri tutmuş komandanın belə xal itkilərinə yol verməsi diqqət çəkir.

Ümumilikdə isə favoritlərdən ispanların, portuqalların və ingilislərin müəyyən xal itkiləri bir qədər gözlənilməz oldu. Bəziləri ilk, bəziləri isə ikinci turda xal itirdi. Ancaq bu, futbolda normal haldır. Favoritlər yalnız qrup oyunlarını deyil, bütövlükdə turniri nəzərə alaraq çıxış edirlər. Düşünürəm ki, hazırda dünya çempionatının favoritləri arasında Türkiyə istisna olmaqla ciddi problem yaşayan və vəziyyəti kritik görünən komanda yoxdur. Təbii ki, ikinci turun oyunları yeni başa çatır və üçüncü turda hər şey dəyişə bilər. Ancaq ümumi mənzərədə ciddi gözlənilməzliklər hələlik görünmür", - deyə o qeyd edib.

Əfsanə Kamal

D
demokrat.az