Fransada bir neçə gündür davam edən güclü istilər ölkə tarixinin ən isti gününün qeydə alınması ilə nəticələnib. Ölkə üzrə orta gündüz temperaturu 29,8 dərəcə Selsiyə çataraq indiyədək müşahidə olunan ən yüksək göstərici olub.
Fransanın meteorologiya xidməti Meteo-France bildirib ki, iyunun 22-dən 23-nə keçən gecə ölkə üzrə orta temperatur 21,6 dərəcə təşkil edib. Bu göstərici Fransa tarixində qeydə alınan ən isti gecə kimi tarixə düşüb.
Məlumata görə, iyunun 23-də orta gündüz temperaturu 29,8 dərəcəyə yüksəlib və bununla da ölkədə yeni istilik rekordu qeydə alınıb.
Güclü isti hava səbəbindən Fransanın bir çox şəhərində hava təhlükəsi səviyyəsi narıncı və qırmızı xəbərdarlıq səviyyəsinə qaldırılıb. Sinoptiklər ekstremal istilərin ən azı iyunun 25-dək davam edəcəyini proqnozlaşdırırlar.
İyunun 22-də sərinləmək məqsədilə su hövzələrinə girən 13 nəfər həyatını itirib.
Ekstremal hava şəraiti təhsil sisteminə də təsir göstərib. Fransanın təhsil naziri Eduard Geffray bildirib ki, ölkədə təxminən 1800 məktəbdə dərslər dayandırılıb, daha 8000 məktəbdə isə dərs saatları dəyişdirilib.
İsti hava Parisin əsas turizm məkanlarından olan Eyfel qülləsinin fəaliyyətinə də təsir edib. Turistlərin təhlükəsizliyi nəzərə alınaraq, qüllə yerli vaxtla saat 16:00-da ziyarətçilər üçün bağlanıb.
İsmayıl Demokrat.az


