Sosial Özəl

Bu ixtisasların məzunları işsiz qalmır

Bu ixtisasların məzunları işsiz qalmır

Peşə təhsilinə marağın artması son illərdə əmək bazarında müşahidə olunan mühüm tendensiyalardan biridir. Gənclər arasında praktiki bacarıqlara əsaslanan ixtisaslara yönəlmə getdikcə daha çox üstünlük qazanır. Bu proses işəgötürənlərin ixtisaslı kadrlara tələbin artması ilə də əlaqələndirilir. Peşə təhsili sahəsində yaradılan yeni imkanlar və müasir tədris mərkəzləri marağın yüksəlməsinə təkan verir. Eyni zamanda bu istiqamətdə həyata keçirilən islahatlar təhsil sisteminin əmək bazarına daha uyğunlaşdırılmasına xidmət edir. Müxtəlif sahələr üzrə ixtisaslı mütəxəssislərin hazırlanması ölkədə məşğulluğun artmasına müsbət təsir göstərir. Bu səbəbdən peşə təhsilinə diqqət və maraq daha da güclənməkdədir.

Təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a bildirib ki, peşə təhsilinə marağın artırılması istiqamətində əsas addımlardan biri bu sahədə məzunların əmək bazarına çıxış imkanlarının geniş şəkildə təbliğ olunmasıdır:

“Peşə təhsili müəssisələrini bitirən məzunların hansı sahələrdə işlədiyi və əmək fəaliyyətinə necə başladığı barədə ictimaiyyətə daha geniş məlumat verilməlidir. Eyni zamanda maarifləndirmə işləri gücləndirilməlidir. Cəmiyyətə çatdırılmalıdır ki, peşə təhsili alan şəxslər bir çox hallarda əmək fəaliyyətinə daha tez başlayırlar. Bu, xüsusilə bəzi ali və orta ixtisas təhsili istiqamətləri ilə müqayisədə daha çevik iş imkanları yaradır. Məsələn, kollec təhsili ilə müqayisədə peşə təhsilində bir sıra ixtisaslar üzrə məzunların iş tapması daha asan olur. Tibb yönümlü ixtisaslar istisna olmaqla, bəzi sahələrdə kollec məzunlarının əmək bazarına çıxışı daha çətin ola bilir”.

O qeyd edib ki, peşə təhsili isə bir çox sahələrdə dərhal praktiki fəaliyyət imkanı yaradır:

“Aşpazlıq, elektrik işi, avtomobil təmiri, dərzilik, saç ustalığı və gözəllik xidmətləri kimi ixtisaslar üzrə məzunlar təhsillərini başa vurduqdan sonra birbaşa əmək fəaliyyətinə başlaya bilirlər. Bu səbəbdən peşə təhsilinin üstünlükləri geniş şəkildə izah olunmalı və ictimaiyyətə düzgün şəkildə çatdırılmalıdır. Eyni zamanda müvafiq istehsalat və xidmət müəssisələri ilə əməkdaşlıqların genişləndirilməsi vacibdir. Bu, məzunların təhsilini bitirdikdən sonra dərhal işlə təmin olunmasına şərait yaradar və peşə təhsilinə olan marağı daha da artırar”.

Beləliklə, peşə təhsilinin üstünlüklərinin daha fəal təbliği və işəgötürənlərlə əməkdaşlığın gücləndirilməsi gənclərin bu sahəyə marağını artıra bilər. Bu yanaşma əmək bazarının ixtisaslı kadrlara olan tələbatının ödənilməsinə, məşğulluğun yüksəlməsinə və təhsil sisteminin iqtisadiyyatın ehtiyaclarına daha uyğun formalaşmasına töhfə verə bilər.

Leyla Turan Demokrat.az

D
demokrat.az