İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı ilə bağlı diqqətçəkən açıqlama yayıb. Qurumun Hərbi Dəniz Qüvvələri Fars körfəzində fəaliyyət göstərən bütün gəmilərə boğaza yaxınlaşmamaq barədə xəbərdarlıq edib.
Demokrat.az xəbər verir ki, yayımlanan bəyanatda Hörmüz boğazının qapalı olduğu vurğulanıb. Bildirilib ki, gəmilərin boğaza yaxınlaşması onların təhlükəsizliyi üçün ciddi risk yarada bilər.
"Boğaz qapalıdır və gəmilər ona yaxınlaşmamalıdır. Əks təqdirdə, onların təhlükəsizliyi təhlükə altında olacaq", – deyə açıqlamada qeyd olunub.
Maraqlıdır ki, bu bəyanat İran rəsmilərinin əvvəlki açıqlamaları ilə ziddiyyət təşkil edir. Belə ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai bir gün əvvəl Hörmüz boğazının bağlanması barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirmişdi.
Xatırladaq ki, iyunun 18-də ABŞ və İran arasında müvəqqəti anlaşma memorandumunun imzalandığı açıqlanmışdı. Memoranduma əsasən, tərəflər hərbi əməliyyatları 60 gün müddətinə dayandırmağı, Hörmüz boğazında gəmi hərəkətini bərpa etməyi, İran limanlarına tətbiq olunan dəniz blokadasını aradan qaldırmağı və danışıqların yeni mərhələsinə başlamağı nəzərdə tuturdu.
Demokrat.az


