Sağlamlıq Özəl

İnfarkt niyə gəncləşib? — Kardioloq səbəbləri açıqladı

İnfarkt niyə gəncləşib? — Kardioloq səbəbləri açıqladı

Türkiyədə yayımlanan məşhur “Kızılcık Şerbeti” serialında İşıl obrazı ilə tanınan aktrisanın miokard infarktı səbəbindən vəfat etməsi ürək-damar xəstəliklərinin yaratdığı riskləri yenidən gündəmə gətirib. Mütəxəssislər bildirirlər ki, miokard infarktı təkcə yaşlı insanlarda deyil, son illərdə daha gənc yaş qruplarında da müşahidə olunur. Azərbaycanda da ürək-damar xəstəlikləri ölüm səbəbləri arasında ön sıralarda yer alır.

Tanınmış kardioloq Üzeyir Rəhimov Demokrat.az-a açıqlamasında deyib ki, miokard infarktı ürəyi qidalandıran tac damarların qəfil tutulması nəticəsində ürək əzələsinin bir hissəsinin qanla təminatının pozulması və həmin nahiyədə hüceyrələrin zədələnməsi ilə xarakterizə olunan həyati təhlükəli vəziyyətdir:

“Uzun illər bu xəstəlik əsasən yaşlı insanlarda müşahidə olunsa da, son dövrlərdə daha gənc yaş qruplarında da infarkt hallarının artması diqqət çəkir. Miokard infarktının yaranmasında bir sıra risk faktorları mühüm rol oynayır. Bunlara yüksək arterial təzyiq, şəkərli diabet, qanda xolesterinin yüksək olması, siqaret və digər tütün məhsullarından istifadə, piylənmə, fiziki hərəkətsizlik, qeyri-sağlam qidalanma, həddindən artıq stress, yuxu pozğunluqları və irsi meyillilik daxildir. Xüsusilə siqaret çəkmə və nəzarətsiz şəkərli diabet damarların erkən yaşlarda zədələnməsinə səbəb olur. Son illər gənclər arasında infarkt hallarının artmasının əsas səbəbləri həyat tərzinin dəyişməsi ilə bağlıdır. Fast-food tipli qidaların geniş yayılması, oturaq həyat tərzi, artıq çəki, xroniki stress, gecə yuxusunun az olması, enerji içkiləri və siqaret istifadəsinin artması ürək-damar xəstəliklərinin daha erkən yaşlarda meydana çıxmasına zəmin yaradır”.

O qeyd edib ki, bəzi hallarda isə irsi faktorlar və gizli gedən metabolik problemlər də risk yarada bilər:

“Ürək tutmasının qarşısını almaq üçün profilaktika böyük əhəmiyyət daşıyır. Sağlam qidalanmaq, duz və doymuş yağların qəbulunu məhdudlaşdırmaq, gündəlik fiziki aktivliyi artırmaq, bədən çəkisini normada saxlamaq, siqaret və alkoqoldan uzaq durmaq vacibdir. Eyni zamanda arterial təzyiq, qanda şəkər və xolesterin göstəriciləri mütəmadi yoxlanılmalı, risk qrupunda olan şəxslər kardioloq nəzarətində olmalıdırlar. Sinədə sıxıcı ağrı, təngnəfəslik, sol qola, çənəyə və ya kürəyə yayılan ağrı, soyuq tər və ürəkbulanma kimi əlamətlər müşahidə olunduqda vaxt itirmədən təcili tibbi yardıma müraciət etmək lazımdır. Çünki infarkt zamanı ilk saatlar həyati əhəmiyyət daşıyır və erkən müdaxilə həm ölüm riskini, həm də sonrakı ağırlaşmaları əhəmiyyətli dərəcədə azalda bilir. Sağlam həyat tərzi və müntəzəm tibbi müayinələr ürək-damar xəstəliklərindən qorunmanın ən təsirli yollarından biridir”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova