Şəmkir rayonunda 59 yaşlı kişi keçmiş arvadına qarşı cinayət törədib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1967-ci il təvəllüdlü Mustafa birgə yaşadıqları evdə keçmiş arvadı Südabə (adlar şərtidir – red.) ilə mübahisə edib.
Şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı taxta parçası ilə keçmiş arvadının baş, çiyin və qol nahiyəsindən vurub, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Faktla bağlı Mustafanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Mustafa ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, məlum hadisə günü saat 13 radələrində onunla birlikdə yaşayan keçmiş arvadı Südabə evdə sanitariya qaydalarına riayət etməyib:
“Buna görə aramızda mübahisə baş verdi. Mübahisə zamanı taxta parçası ilə bir dəfə Südabənin baş nahiyəsindən vuraraq ona xəsarət yetirdim”.
Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən peşman olduğunu, zərərçəkmişlə barışdığını, zərərçəkənin ona qarşı heç bir şikayəti olmadığını deyib.
Şəmkir Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.
Fariz Məlikli Demokrat.az


