Azərbaycanda əmək münasibətlərinin elektronlaşdırılması ilə əmək müqavilələrinin bağlanması, əməkhaqqının müəyyənləşdirilməsi və işəgötürənin işçilərə təqdim edə biləcəyi əlavə sosial təminatlarla bağlı suallar aktuallığını qoruyur. Bəs əməkhaqqının artırılması üçün ayrıca müraciət etmək lazımdırmı? İşəgötürən əmək müqaviləsində hansı əlavə imtiyazları nəzərdə tuta bilər?
Məsələni şərh edən hüquqşünas Ramil Süleymanov Demokrat.az-a açıqlamasında bildirib ki, işçi və işəgötürən əmək müqaviləsini qarşılıqlı razılaşma əsasında bağlayırlar:
“Dövlət isə həm işçinin, həm də işəgötürənin hüquqlarının qorunması məqsədilə əmək müqavilələrinin bağlanma forma və şərtlərini müasir dövrün tələblərinə uyğun şəkildə tənzimləyib. Hazırda əmək müqavilələri elektron qaydada bağlanılır və bu proses dövlət tərəfindən nəzarətdə saxlanılır. Bu baxımdan vətəndaş əmək müqaviləsində göstərilən şərtlərlə tanış olmaq və onları təsdiqləmək üçün “SİMA” elektron imzasının texniki imkanlarından istifadə edir. Digər məsələyə gəldikdə isə, qanunvericilikdə vətəndaşın digər işçilərlə müqayisədə daha yüksək əmək haqqı alması üçün ayrıca müraciət etməsini tələb edən hər hansı norma yoxdur”.
O deyib ki, əmək haqqının məbləği tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edilir:
“Məsələn, işəgötürən hansısa işçini öz müəssisəsi üçün vacib və peşəkar kadr hesab edərsə, onu işə cəlb etmək məqsədilə əlavə sosial və ya maddi imkanlar da yarada bilər. Belə ki, əmək haqqından əlavə nəqliyyat xərclərinin qarşılanması, hətta bəzi hallarda iş yerinə yaxın ərazidə kirayə mənzilin tutulması kimi məsələlər də işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsində öz əksini tapa bilər. Qanunvericilikdə əsasən işçinin ezamiyyətə göndərilməsi ilə bağlı münasibətlər ayrıca qaydada tənzimlənir. Bununla bağlı Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli ezamiyyə xərclərinin normalarının müəyyən edilməsinə dair xüsusi qaydaları mövcuddur və proses həmin qaydalara uyğun şəkildə həyata keçirilir”.
Leyla Turan Demokrat.az


