Sosial Özəl

Tünd şokolad ürəyə əslində necə təsir edir? — Kardioloqlar açıqladı

Tünd şokolad ürəyə əslində necə təsir edir? — Kardioloqlar açıqladı

Tünd şokolad həqiqətən də ürək sağlamlığına müsbət təsir göstərə bilər, lakin bunun müəyyən şərtləri var.

Demokrat.az xəbər verir ki, bu barədə kardioloqlar “Parade” nəşrinə danışıblar.

Bir çox insan tünd şokoladın südlü şokoladdan daha faydalı olduğunu eşitsə də, bunun səbəbini hər zaman bilmir. Mütəxəssislərin sözlərinə görə, əsas rol kakao tərkibində olan flavanollara məxsusdur. Bunlar bitki mənşəli antioksidantlardır.

Kardioloq Minhal Makshud bildirib ki, flavanollar iltihabı azaldır və aşağı sıxlıqlı lipoproteinlərin (LDL) – yəni “pis” xolesterinin oksidləşməsinin qarşısını almağa kömək edir. Məhz bu xolesterin damar divarlarında toplanaraq infarkt riskini artırır.

Digər kardioloq Coel Kanın sözlərinə görə, tünd şokolad azot oksidinin istehsalını stimullaşdırır. Bu maddə damarların genişlənməsinə və qan dövranının yaxşılaşmasına kömək edir.

“Bu, arterial təzyiqin aşağı düşməsinə şərait yaradır. Tünd şokolad həmçinin insulinə həssaslığı artırır ki, bu da uzunmüddətli perspektivdə diabet və ürək-damar xəstəlikləri riskini azalda bilər”, deyə Kan bildirib.

Xolesterinə təsir məsələsinə gəlincə, mütəxəssislər bunun mövcud olduğunu, lakin çox böyük olmadığını vurğulayırlar.

Minhal Makshudun sözlərinə görə, flavanollar ilk növbədə qan təzyiqinə təsir göstərir, xolesterinə isə daha məhdud təsir edir. Bununla belə, əgər insan hər gün südlü şokolad yeyirsə və onu tünd şokoladla əvəz edirsə, təxminən bir ay ərzində müəyyən dəyişikliklər hiss oluna bilər.

Səbəb ondan ibarətdir ki, tünd şokoladın tərkibində “pis” xolesterinin səviyyəsini artıran doymuş yağlar və şəkər daha azdır.

“Doymuş yağların qəbulunun azaldılması LDL xolesterininin aşağı salınması üçün elmi baxımdan ən yaxşı sübut olunmuş qidalanma strategiyalarından biri olaraq qalır”, deyə həkim vurğulayıb.

Bununla yanaşı, mütəxəssislər vacib bir məqama da diqqət çəkirlər. Tünd şokolad yüksək kalorili məhsuldur. Təxminən 28 qramlıq porsiya 150–170 kilokalori ehtiva edir.

Coel Kan gündə bütöv bir şokolad plitəsi yeməyi tövsiyə etmir: “Axşam yeməyindən sonra dad ehtiyacını qarşılamaq üçün kiçik bir parça yemək daha ağıllı seçim olar”.

Qeyd edək ki, bu məlumatlar ümumi xarakter daşıyır və tibbi məsləhət hesab edilmir. Sağlamlıqla bağlı qərarlar qəbul edərkən həkimlə məsləhətləşmək tövsiyə olunur.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova