Sosial Özəl

"Tıxacları avtomobillərin çoxluğu ilə izah etmək düzgün deyil"

Tıxacları avtomobillərin çoxluğu ilə izah etmək düzgün deyil

Cənubi Qafqaz ölkələri arasında hər 1000 nəfərə düşən avtomobil sayına görə Azərbaycan son sıralarda yer alsa da, xüsusilə Bakı şəhərində nəqliyyat sıxlığı və tıxac problemi gündəlik həyatın əsas problemlərindən biri olaraq qalır. Maraqlıdır ki, avtomobilləşmə səviyyəsinin nisbətən aşağı olmasına baxmayaraq, yollardakı yüklənmə ildən-ilə artır və bu vəziyyət şəxsi nəqliyyat vasitələrinin istifadəsi ilə bağlı yeni müzakirələrə səbəb olur. Son dövrlər tıxacların azaldılması üçün şəxsi avtomobillərin istifadəsinə müəyyən məhdudiyyətlərin tətbiq edilməsini təklif edirlər. Digər tərəfdən isə belə yanaşmanın vətəndaşların sərbəst hərəkət hüququna və gündəlik rahatlığına təsir göstərə biləcəyi bildirilir.

Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a bildirib ki, Bakı şəhərində tıxacların yaranmasının bir sıra obyektiv və subyektiv səbəbləri mövcuddur:

“Bu vəziyyəti yalnız avtomobillərin çoxluğu ilə izah etmək düzgün deyil. Şəxsi avtomobillərin istifadəsinə məhdudiyyətlərin tətbiqi iqtisadi baxımdan da müsbət nəticə verməyə bilər. Çünki bu, avtomobil bazarı və servis xidmətləri daxil olmaqla bir sıra sahələrə təsir göstərir. Son illərdə şəhər mobilliyinin yaxşılaşdırılması istiqamətində müxtəlif layihələr həyata keçirilir. Bu çərçivədə piyadalar, velosipedçilər, elektrikli samokat və moped istifadəçiləri üçün də infrastruktur genişləndirilir, eyni zamanda ictimai nəqliyyatın əlçatanlığının artırılması məqsədilə avtobus zolaqları kimi layihələr tətbiq olunur”.

O deyib ki, məqsəd fərdi nəqliyyat vasitələrindən asılılığı azaltmaq və ictimai nəqliyyatdan istifadəyə marağı artırmaqdır:

“Hazırda Bakı və ətraf ərazilərdə tıxacların azaldılması istiqamətində işlər 2025-2030-cu illəri əhatə edən dövlət proqramı çərçivəsində davam etdirilir. Eyni zamanda şəhərsalma sahəsindəki mövcud nöqsanların aradan qaldırılması və tikinti qaydalarına nəzarətin gücləndirilməsi də əsas prioritetlərdəndir. Bu problemlər kompleks şəkildə həll olunduğu halda yol infrastrukturunun təkmilləşdirilməsi daha səmərəli nəticə verə bilər”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova